Ölkə Prezident İlham Əliyevin “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi” haqqında sərəncamına əsasən, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən paytaxtda və regionlarda enerjidoldurma məntəqələri yaradılır. Həmin məntəqələrdə quraşdırılan şarj aparatları dayanıqlı elektrik enerjisi ilə təchiz olunur.
2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar, eləcə də Bakıda keçiriləcək “COP 29” ərəfəsində paytaxtın əksər rayonlarında şarj aparatları quraşdırılıb. Artıq Nərimanov rayonunda “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində, metronun “Gənclik” stansiyasının yaxınlığında, Atatürk parkında, Aşıq Molla Cümə küçəsində 215 saylı yarımstansiyanın qarşısında, Yasamalda 120 saylı yarımstansiyada, Səbaildə Nizami küçəsində və “İçərişəhər” yarımstansiyasında, Maştağa elektrik şəbəkəsinin ərazisində yerləşən “Sea Breeze” yaşayış kompleksinin parkinq ərazisində, Xətaidə “Ağ şəhər-1” və “Ağ şəhər-2” yarımstansiyalarında, Xəzər rayonunun Buzovna qəsəbəsində, Nəsimidə “Dağlıq” yarımstansiyasında, Nizami rayonunda Qara Qarayev prospektində enerji doldurma məntəqələri istismara hazır vəziyyətə gətirilib.
Regionlar üzrə isə Şamaxının Abqora kəndində, Qəbələdə Enerji Təchizatı və Satışı İdarəsinin qarşısında, Şəkinin Göynük kəndində, 110/35/10 kV-luq “Zaqatala yarımstansiyasında, Tovuzda Asan xidmət mərkəzinin yaxınlığında, Göygöldə “Hacıməlik” yarımstansiyasında, Qubada 19 nömrəli yanacaqdoldurma məntəqəsinin yanında və Xızının Yaşma qəsəbəsində şarj məntəqələri yaradılıb. Bununla yanaşı, Zəngilan Elektrik Şəbəkəsinin rəqəmsal idarəetmə mərkəzində enerjidoldurma məntəqəsi müasir avadanlıqla və dayanıqlı elektrik enerjisi ilə təchiz olunub.
“Azərişıq” ASC tərəfindən quraşdırılan yüksək gücə malik sürətli, sabit cərəyanlı məntəqələrdə elektromobillər qısa vaxtda, keyfiyyətli elektrik enerjisi ilə təmin olunur. Elektromobilləri şarj etmək üçün istifadə olunan müasir cihazlar “yaşıl” enerji ilə dəstəklənir.
Vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC ekoloji cəhətdən üstün olan elektrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi üçün paytaxtda, regionlarda, eləcə də Qarabağ və Şərqi Zəngəzurda enerjidoldurma məntəqələrinin quraşdırılmasını davam etdirir.