COP29 iştirakçıları üçün avtomobillərin icarəsi xidmətini gerçəkləşdirmək məqsədilə “Rent a Car Baku” şirkəti COP29 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat vasitələrinin icarəsi üzrə tərəfdaşı seçilib.
Əməliyyat Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, bu il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək beynəlxalq iqlim konfransında iştirak etmək məqsədilə ölkəmizə gələcək çoxsaylı qonaqların nəqliyyat seçimi ilə bağlı rahatlığını reallaşdırmaq məqsədilə avtomobillərin icarəsi xidməti də fəaliyyət göstərəcək. Belə ki, COP29 müddətində qonaqların nəqliyyat vasitələri ilə təmin edilməsi və bu istiqamətdə daxil olan sorğuların operativ idarə olunması üçün rəsmi tərəfdaş seçilən “Rent a Car Baku” şirkəti qonaqlar üçün sedan, hetçbek, biznes-klas avtomobillər, mikroavtobus, avtobus və yolsuzluq siniflərindən olan avtomobillər də daxil olmaqla hər büdcəyə uyğun geniş nəqliyyat vasitələri seçimi təklif edəcək. Bundan əlavə, təkliflər çərçivəsində sürücü xidməti də əlavə seçim kimi təqdim olunacaq.
Böyük ziyarətçi axının gözlənildiyi tədbir müddətində seçim məhdudiyyətləri ilə üzləşməmək üçün http://www.rentacarbaku.az portalı üzərindən rezervasiyaların əvvəlcədən tamamlanması tövsiyə edilir. Qeyd edək ki, daha geniş heyətlə təmsil olunan nümayəndələr uyğun nəqliyyat vasitələri üzrə qrup rezervasiya sifarişləri üçün, həmçinin şirkətlə birbaşa əlaqə saxlaya bilərlər. Onu da vurğulayaq ki, COP29 iştirakçıları “Rent a Car Baku” rəsmi tərəfdaşla yanaşı, alternativ şirkətlərin xidmətlərini də seçməkdə sərbəstdirlər.