BMT-nin Ətraf Mühit Proqramının dünyaya bu çağırışı iqlim savaşına önəmli dəstəkdir
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı “Lütfən, daha isti hava yox” adlı 2024-cü il hesabatında ölkələri planetar istiləşmənin dağıdıcı təsirlərinin qarşısını almaq məqsədilə 2030-cu ilə qədər illik istixana qazı emissiyalarını 42 faiz azaltmağa çağırıb və yeni iqlim öhdəliklərində böyük emissiya boşluğunun aradan qaldırmasının və təcili tədbirlər görülməsinin zəruriliyini bildirib.
Hesabatda qeyd olunub ki, daha təmiz yanacağa davamlı keçid və yaşayış mühitinin bərpası şərti ilə qlobal temperaturu Paris İqlim Sazişində qeyd olunan 1,5 dərəcə Selsi həddində saxlamaq mümkündür.
Adıçəkilən proqramın icraçı direktoru İnger Andersen vurğulayıb ki, ölkələr karbon qazının azaldılması ilə bağlı öhdəliklərinə əməl etməklə ekstremal daşqınlar, quraqlıqlar, siklonlar və meşə yanğınları da daxil olmaqla iqlim dəyişikliyi ilə əlaqəli fəlakətlərin qarşısını ala bilər. O daha sonra bildirib: “Atmosferdə istilik dərəcəsinin məqbul səviyyəsinin saxlanılması xilas edilən həyatlar, inkişafda olan iqtisadiyyatlar, zərərlərin qarşısının alınması, qorunan biomüxtəliflik və istənilən temperatur həddini sürətlə aşağı salmaq qabiliyyəti baxımından əhəmiyyətlidir”.
COP29 ərəfəsində təqdim edilən hesabatda bildirilir ki, istixana qazları emissiyaları 2019-cu ildən bəri rekord həddə – 57,1 giqaton karbon qazına çatıb. Hesabata görə, getdikcə artan külək enerjisi və günəş fotovoltaik texnologiyaları 2030-cu ilə qədər ümumi potensial azalmanın 27 faizini, 2035-ci ilə qədər isə 38 faizini gerçəkləşdirə bilər. İ.Andersen əlavə edib ki, meşələrin qırılmasının dayandırılması, nəqliyyat, binalar və sənaye sektorlarının “yaşıl”laşdırılması kimi digər güclü tədbirlər karbonsuzlaşdırma məqsədlərinə çatmaqda əsas rol oynayacaq.
XQ