Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına həsr olunmuş “İqlim dəyişikliklərinin sağlamlığa təsiri” mövzusunda konfrans keçirilib.
Naxçıvanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə qlobal istiləşmənin yaratdığı sağlamlıq problemləri və onların aradan qaldırılması yolları müzakirə olunub.
Konfransda muxtar respublikanın Səhiyyə Nazirliyinin Təlim və Simulyasiya Mərkəzinin direktoru Aytən Rzayeva COP29-un ölkəmizdə keçirilməsinin strateji əhəmiyyətini vurğulayıb və iqlim dəyişikliyinin son illərdə dünyada ekoloji, iqtisadi və sosial problemlərə səbəb olduğunu qeyd edib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xidmət rəisi Azər Məmmədov çıxışında muxtar respublikada son illərdə ekoloji təmizliyin qorunması və saxlanılması istiqamətində həyata keçirilən tədbirləri vurğulayıb. Qeyd edib ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, bu sahədə görülən işlər ardıcıl və sistemli şəkildə davam etdirilir.
Sonra iqlim dəyişikliyi və sağlamlıq mövzusu ətrafında müxtəlif təqdimatlar edilib. Ekopatologiya, nanotexnologiyalara əsaslanan müasir yanaşmalar və qlobal istiləşmənin insanın immun sisteminə və dəri xərçənginə təsirləri kimi məsələlər müzakirə olunub. Çıxışlarda iqlim dəyişikliyinin insan sağlamlığına geniş təsirləri hərtərəfli şəkildə şərh edilib.