Son illərdə ölkədə orta istilik 1,1 dərəcə yüksəlib

post-img

Ən çox artım isə Bakı və Şəkidə müşahidə olunub

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Avropa və Mərkəzi Asiya ölkələrinin aqroərzaq sektorunda iqlim tədbirlərinin gücləndirilməsi” mövzusunda keçirilən regional iqlim konfransındakı çıxışında son onilliklərdə istilik dalğalarının ən çox artımının Bakı və Şəkidə müşahidə edildiyini bildirib. Dünyada qlobal iqlim dəyişiklikləri və antropogen amillərin təsiri ilə əkinə yararlı torpaqların deqradasiyaya uğradığını, şirin su ehtiyatlarının azaldığını diqqətə çatdıran nazir müavini baş verən iqlim dəyişikliklərinin aqrar sektora mənfi təsiri ilə yanaşı, kənd təsərrüfatı fəaliyyətlərinin də, öz növbəsində, iqlim dəyişikliklərinə səbəb olan amillər sırasında yer aldığını qeyd edib.

V.Kərimov vurğulayıb ki, qlobal miqyasda atmosferə buraxılan istixana qazlarının 20 faizə qədəri kənd təsərrüfatı fəaliyyətləri nəticəsində yaranıb. Azərbaycanda son 23 ildə ölkə üzrə temperatur anomaliyası 1,1 dərəcə olub. 2023-cü ildə orta temperatur 14,6 dərəcəyə çatıb. Bu da 1971–2000-ci ilin norması ilə (12,7 dərəcə) ilə müqayisədə 1,9 dərəcə dərəcə çoxdur. Son onilliklərdə ən yüksək orta temperatur 2013-cü ildə 14,8 dərəcə təşkil edib.

Nazir müavini qeyd edib ki, 1961–1990-cı illərdə bütün stansiyalarda istilik dalğalarının həm təkrarlanmasında, həm də davamiyyətində artım müşahidə olunub: “Son onilliklərdə bu proseslər dəfələrlə artaraq Bakıda 29, Gəncədə 16, Şəkidə 41 və Lənkəranda 5 dəfə təkrarlanıb. Ən çox artım Bakı və Şəkidə müşahidə olunub”.

Ekologiya