COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, Azərbaycan Mərkəzi Bankının “yaşıl” maliyyənin inkişafı məqsədilə hazırladığı “yaşıl taksonomiya” vasitəsilə ölkədə iqtisadi fəaliyyət “yaşıl” standartlar əsasında təsnifləşdiriləcək, beləliklə də, müəssisələr dayanıqlı və ekoloji təmiz investisiyalarla daha çox dəstək alacaq.
M.Babayevin sözlərinə görə, taksonomiya kiçik və orta bizneslərin (KOB) “yaşıl keçid”ini maliyyələşdirmək üçün mövcud maliyyə resurslarından daha səmərəli istifadə etməyə şərait yaradır. İnnovasiya sahəsində unikal imkanlara malik olan KOB sistemi daha çevikdir, yeni texnologiyaların və iş modellərinin tez bir zamanda tətbiqini gerçəkləşdirir. Ona görə də “yaşıl” iqtisadiyyata keçid zamanı bu çeviklikdən istifadə edilərək təmiz enerji mənbələrinə, enerji səmərəliliyi və tullantıların azaldılması texnologiyalarına sərmayənin arıtırılması zərurəti qarşıya çıxır. Bu, həmçinin iqlim məqsədlərini həyata keçirmək üçün əhəmiyyətli addımdır. Azərbaycan hökuməti bu addımların atılması ilə iqtisadiyyatın karbon intensivliyini azaldacağına, KOB-ların rəqabət qabiliyyətinin artırılacağına inanır.
KOB-ların dayanıqlı təchizat zəncirlərinə inteqrasiyası üçün böyük şirkətlərin də onlarla əməkdaşlığı zəruridir. “Yaşıl” KOB resurs mərkəzlərinin yaradılması isə kiçik və orta biznes strukturlarının daha dayanıqlı təcrübələrə keçidini asanlaşdırır və onların lazımi bilik, məsləhət və texnologiya ilə təminatını gerçəkləşdirir.
M.Babayev əlavə edib ki, COP29 Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə mövqeyini gücləndirir. Bu nüfuzlu konfransın əsas prioriteti isə iqlim maliyyəsidir. Ona görə də COP29-da iqlim dəyişikliyinə qarşı mübarizənin səmərəliliyini şərtləndirən iqlim maliyyələşdirilməsinin, eləcə də iqlim dəyişmələri üzrə vacib sahələrin –mitiqasiya və adaptasiya istiqamətlərinin diqqətdə saxlanılacağı nəzərdə tutulur. Ümumiyyətlə, bu tədbir çərçivəsində Azərbaycanın COP29 Sədrliyinin irəli sürdüyü 14 əsas təşəbbüsün konfransda müzakirə ediləcəyi gözlənilir: “Bizim məqsədimiz yalnız milli deyil, qlobal səviyyədə yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir. Azərbaycan bu təşəbbüslərlə qlobal səviyyədə “yaşıl” iqtisadiyyata keçidini dəstəkləməklə liderliyini davam etdirməkdə israrlıdır. Bu layihələr ölkəmizin beynəlxalq səviyyədə etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini daha da gücləndirir”.
Göründüyü kimi, Azərbaycanın sosial-iqtisadi islahatlara əsaslanan inkişaf konsepsiyasında dayanıqlı inkişafın bir komponenti olan “yaşıl” iqtisadiyyata keçid mühüm yer tutur. Artıq neçə ildir ki, ölkəmizdə bu istiqamətdə mühüm addımlar atılır. Respublikamız BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq, bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, enerji səmərəliliyi və dövri iqtisadiyyatın inkişafı sahələrində ciddi uğurlar əldə edir. 2030-cu ilə qədər bir dövrü əhatə edən Milli Prioritetlər sənədində dayanıqlı inkişaf və ətraf mühitin qorunması əsas hədəflərdən biri kimi diqqətdə saxlanılır.
Xatırladaq ki, bu sənəddə – “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizin “yaşıl” iqtisadiyyata keçidinin sürətləndirilməsi, təbii sərvətlərin səmərəli idarə olunması, karbon emissiyalarının azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma və enerji səmərəliliyinin artırılması kimi konkret ekoloji məqsədlər yer alıb. BMT-nin statistik məlumatına əsasən, kiçik və orta biznes strukturları hesabına dünya üzrə məşğulluğun payı 70 faizə yüksəlib.
Qadınlar, gənclər və həssas qruplar arasında iş yerlərinin yaradılmasında mühüm rol oynayan KOB-ların fəaliyyəti qlobal karbon emissiyalarının atılmasında da mühüm önəm daşıyır. Bu baxımdan onların ekoloji performansının yaxşılaşdırılması iqlim dəyişikliyi ilə mübarizədə böyük potensiala malikdir. Bununla yanaşı, “Məsuliyyətli istehlak və istehsal” 12-ci Dayanıqlı İnkişaf Məqsədinə uyğun olaraq təmiz və səmərəli istehsal metodlarının tətbiqi resursların daha məsuliyyətli istifadəsinə, eləcə də ekoloji risklərin azaldılmasına töhfə verir.
COP29-un müəyyən edilmiş prezidentinin sözlərinə görə, hazırda iqtisadi cəhətdən dayanıqlı, təmiz və sağlam gələcəyə keçid ən aktual çağırışlardan biridir, eyni zamanda, cəmiyyətin hər bir üzvünün qarşısında duran böyük məsuliyyətdir. Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün “yaşıl” iqtisadiyyata keçid böyük əhəmiyyət kəsb edir.
M.Babayevin sözlərinə görə, Azərbaycanda “yaşıl” iqtisadiyyatın inkişafı ilə bağlı mövcud potensialın reallaşdırılması istiqamətində dövlətin dəstəyi ilə yeni imkanlar açılır. “Yaşıl” enerji sahəsində dövlətin atdığı addımlar da özəl sektor və investorlar üçün uzunmüddətli strategiyanı gerçəkləşdirir və yeni layihələrin inkişafına təkan verir. Bu çərçivədə həm dövlət, həm də özəl sektorda ekoloji layihələrin sayının artırılması zəruridir. Kiçik və orta biznes subyektləri dayanıqlı infrastruktur yaratmağa və “yaşıl” texnologiyalardan istifadə etməyə təşviq olunmalıdır. Yalnız bu yolla iqtisadi artıma və ekoloji səmərəliliyə töhfə vermək mümkündür.
Kiçik və orta biznes subyektlərinin bu keçiddə qarşılaşdığı maliyyə çətinliklərini aradan qaldırmaq üçün onların güzəştli maliyyə resurslarına çıxışını genişləndirmək vacibdir. BMT-nin qiymətləndirməsinə görə, dünya üzrə aşağı karbonlu iqtisadiyyata keçid üçün hər il trilyonlarla ABŞ dolları tələb olunur. “Yaşıl” kreditlər, “yaşıl” istiqrazlar, ekoloji, sosial, korporativ idarəetmə ilə əlaqəli maliyyə alətləri vasitəsilə KOB-ların ekoloji və dayanıqlı layihələrə sərmayə qoymasını asanlaşdırmaq lazımdır. “Yaşıl” və dayanıqlı inkişaf konsepsiyasının tətbiqi və sosial məsuliyyətlilik hər bir şirkətdə idarəçiliyinin təməl prinsiplərini təşkil etməlidir. Banklar və digər maliyyə təşkilatları da korporativ sosial məsuliyyət missiyasını yerinə yetirməlidir. Beynəlxalq praktikada olduğu kimi, kommersiya bankları öz fəaliyyətlərində, eləcə də kreditlərin verilməsind iqtisadi amillərlə yanaşı, ekoloji və iqlim məsələlərini nəzərə almalıdır.