Bakıda “şirin” yarmarka

post-img

Arıçılar builki satış-sərgiyə 120 ton bal çıxarıblar 

Sentyabrın 9-da Bakıda arıçılıq məhsullarının 24-cü respublika sərgi-satış yarmarkası öz işinə başlayıb. Kənd Təsərrüfatı Nazirliyi və “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən yarmarkaya ölkənin 39 rayonundan 275 arıçı tərəfindən 120 tona yaxın məhsul çıxarılıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlu­matına görə, satışa çıxarılan malların 105 tonu bal, 12 tona yaxını şan, 3 tonu isə di­gər arıçılıq məhsullarıdır. Sentyabrın 29-na qədər davam edəcək yarmarka hər gün saat 09:00-dan 19:00-a qədər Nərimanov rayo­nu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyətdə olacaq.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları arıçıların iştirakı ilə yarmar­kada satışa çıxarılan məhsullardan nü­munələr götürərək laboratoriya şəraitində yoxlayıblar. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olma­yan məhsullar yarmarkada satışa buraxıl­mayıb.

Qeyd edək ki, yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitə­si ilə həyata keçirilib. Burada arıçılara fəa­liyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müva­fiq sayda yer ayrılıb.

Yarmarkada iştirak üçün hər bir arıçıya iyulun 26-na qədər arıçılıq təsərrüfatları­nı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailə­sinə malik olması tələbi qoyulub. Hər arıçı yarmarkaya maksimum 400 kiloqram bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilib.

İqtisadiyyat