“Abşeron” yatağı uzun illər ölkəyə qaz və kondensat verəcək

post-img

Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında hasilata başlanılandan bu günədək, təqribən, 1 milyard 800 milyon kubmetr qaz və 700 min tona yaxın kondensat hasil olunub. 

“XQ”yə Energetika Nazirliyindən ve­rilən məlumatda bildirilib ki, “Abşeron” yatağının kəşfi 2011-ci ilin sentyabrın 9-da elan edilib. Yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. 

Xatırladaq ki, “Abşeron” qaz–kon­densat yatağı Cənubi Xəzər neftli-qazlı hövzəsinin Abşeron arxipelaqında, Bakı şəhərindən 85–100 kilometr şərqə doğru dənizin, təxminən, 350–550 metr dərinli­yində yerləşir. İlk vaxtlarda yatağın işlə­nilməsini SOCAR və “TotalEnergies”ın birgə operatoru olan “JOCAP” şirkəti həyata keçirib. Ötən il avqustun 4-də isə “Abşeron” layihəsinə daha bir səhmdar – Abu Dabi Milli Neft Şirkəti (ADNOC) qoşulub. Beləliklə, SOCAR və “Tota­lEnergies” şirkətlərinin hər biri 35 faiz, ADNOC isə 30 faiz səhmə malik olmaqla səhmdarların yeni pay bölgüsü formala­şıb.

İqtisadiyyat