Azərbaycan dünya ölkələrini bu ilin noyabrında Bakıda keçiriləcək COP29 sessiyasına qədər İkiillik Şəffaflıq Hesabatlarını (BTRs) təqdim etməyə çağırır. COP29 prezidenti Muxtar Babayevin iqlim dəyişikliyi üzrə konfransın tərəflərinə ünvanladığı məktubda bu barədə qeyd edilir: “Hər bir ölkənin başlanğıc şərtlərindəki fərqləri tanıyaraq BTRs-in erkən təqdimatı şəffaflığa kollektiv sadiqliyimizin güclü nümayişi olacaq”.
M.Babayevin sözlərinə görə, COP29 sədrliyi davamlı siyasi qarşılıqlı əlaqəni təmin etmək, əməkdaşlığı gücləndirmək məqsədilə tərəflərin konfransın özündə və gələcəkdə şəffaflıq üzrə kollektiv öhdəlikləri yerinə yetirə bilmələri üçün qətiyyətli addımlar atır.
Məktubda qeyd olunub ki, fəaliyyətlərin şəffaflığının artırılmasına təkan vermək üçün 3 sentyabr 2024-cü il tarixində COP29 sədrliyi çərçivəsində yüksək səviyyəli dialoq keçiriləcək: “Yüksək səviyyəli dialoq üzrə tədbir zamanı COP29 sədrliyi özünün əsas təşəbbüsü olan İqlim sahəsində Şəffaflıq üzrə Bakı Qlobal Platformasının icrasının başlandığını rəsmi olaraq elan edəcək”.
M.Babayev onu da xatırladıb ki, COP29 sədrliyinin baxışı iki paralel və bir-birini tamamlayan sütun (ambisiyaların artırılması və fəaliyyətlərin stimullaşdırılması), eləcə də əsas prioritet istiqamət olan iqlim maliyyəsi ətrafında cəmlənib.