Su Tanrının insana bəxş etdiyi əvəzssiz nemətdir. Bəşəriyyəti, canlı aləmi susuz təsəvvür etmək mümkün deyil. Amma çox təəssüf ki, bəşər övladı yaranışından bu ilahi möcüzəyə qədirbilənliklə yanaşmayıb, ondan israfçılıqla istifadəyə meyilli olub. Hətta bu azmış kimi, insanlar suyu çirkləndirməkdən də çəkinməyib, onun təmizliyinin qayğısına qalmayıblar. Bu da son nəticədə su mənbələrinin çirklənməsinə, onun mənfi təzahürü olan kəskin şirin su çatışmazlığına gətirib çıxarıb. Bütün canlı orqanizmlərin, o cümlədən insanların mövcudluğu üçün vacib olan bu əvəzsiz nemət çirkləndikdə isə istifadə üçün yararsız hala düşür, necə deyərlər, inci saflığını itirir.
Suyun çirklənməsi isə ciddi ekoloji problemdir. Bu zərərli tendensiyanın qarşısının alınması, su mənbələrinin qorunması getdikcə aktuallığını artırır. Artıq uzun illərdir ki, dünya alimləri bu sahədə ciddi araşdırmalar aparır, su mənbələrini çirkləndirən əsas səbəbləri izah edir, problemin həlli ilə bağlı təkliflər verirlər. Mütəxəssislər şirin su mənbələrinin çirklənməsini, əsasən, antropogen amillərlə izah edirlər. Yəni bu gün çirkablar, sənaye tullantıları, bərk maddələr də, kənd təsərrüfatında istifadə olunan müxtəlif gübrə və pestisidlər də çaylara və digər sututarlara məhz insan əli ilə axıdılır. Bütün bunlarla yanaşı, atmosfer havasını müxtəlif zərərli maddələrlə, karbon emissiyaları ilə çirkləndirən bəşər övladı bunun su mənbələrinə göstərdiyi zərərin fərqində deyil. Bu səbədən də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) su mənbələrinin çirkləndirilməsinin qarşısının alınması, iqlim dəyişikliyinin su mənbələrinə təsiri, qlobal su çatışmazlığının azaldılması və yağış suyundan daha səmərəli istifadə məsələlərinin də ətraflı müzakirəsi gözlənilir.
Yeri gəlmişkən, şirin su ehtiyatlarının məhdud olduğu Azərbaycanda da bu problem getdikcə kəskinləşir. Bunun da bir sıra səbəbləri var. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, ölkəmizin su ehtiyatlarının 75 faizə yaxını sərhədlərimizdən kənarda formalaşır. Hazırda ölkə üzrə istehlak olunan içməli suyun xeyli hissəsi Kür çayından götürülərək təmizləyici qurğularda emal olunduqdan sonra istehlakçılara çatdırılır. Azərbaycanın mühüm su arteriyası olan Kür çayı və onun əsas qolu Araz hələ respublikamızın ərazisinə daxil olana qədər qonşu ölkələrdə güclü çirklənməyə məruz qalır. Bundan başqa, son zamanlar Böyük Qafqazın Kür hövzəsinə aid olmayan və birbaşa Xəzər dənizinə tökülən şimal-şərq həssəsi çaylarının, eləcə də Lənkəran-Astara bölgəsinə daxil olan çayların da çirklənməsi müşahidə edilir.
Mütəxəssislərin qənətinə görə, antropogen amillərin təsirinin güclənməsi ilə əlaqədar olaraq Kür, Araz çayları və onların qollarının suyunun kimyəvi tərkibində böyük dəyişikliklər baş verib. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda Kür çayının Salyan şəhərinin ərazisindən keçən hissəsində, həmçinin Araz çayının Saatlı məntəqəsində suyun minerallığı 3 dəfədən çox artıb.
Son illər ölkəmizdə su mənbələrinin çirkləndirilməsinin qarşısının alınması, içməli suyun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu vacib məsələyə münasibət bildirərkən deyib: “Su həyat mənbəyidir, təmiz su isə sağlam həyat deməkdir”. Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi ölkəmizdə əhalinin təmiz və keyfiyyətli su ilə təminatının yaxşılaşdırılmasına, eləcə də tullantı sularının idarə olunmasına diqqət getdikcə artırılır.
Məhəmməd ABDUYEV,
ADPU-nun ümumi coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru
Azərbaycan da daxil olmaqla, əksər ölkələrdə su ehtiyatları üçün əsas təhlükə çirklənmədir. Tullantı sularının çaylara və sututarlara axıdılmasının qarşısının alınması istiqamətində müəyyən işlər görülsə də, məsələ öz aktuallığını qoruyub saxlayır. Hazırda təhlükə yalnız çirklənmiş və kifayət qədər təmizlənməmiş çirkab suları ilə bağlı deyil. Şərti təmiz adlanan sular da ən mükəmməl bioloji təmizlənmədən sonra belə, zərərli maddələrin daşıyıcıları olurlar. Çox vaxt çirkab suları qızdırılır ki, bu da su ekosistemləri üçün təhlükə yaradır.
Çirkləndirici məhsullar, xüsusən də təbii su obyektlərinin və anbarlarının yuyulması zamanı istifadə olunan biogen maddələr də yerüstü və yeraltı axımlarla mənbələrə daxil olur. Su hövzələrinin çirklənməsinin bir səbəbi də kənd təsərrüfatında istifadə olunan gübrə və müxtəlif pestisidlərdir. Məlumdur ki, torpağın xüsusiyyətindən asılı olaraq 1 hektar gübrələnmiş sahədən çıxarılan biogen maddələr gübrələrin miqdarı və növündən, onların tətbiqi texnikasından, atmosfer və digər şəraitə görə azotun 14,5-25 faizini, fosforun isə 1-1,5 faizini (xam torpaqlarda 7 faizə qədər) təşkil edir. Eyni zamanda, torpağa verilən üzvi və mineral gübrələrin, təxminən, 10 faizi su hövzələrinə daxil olur.
Məlum olduğu kimi, hazırda Azərbaycanda hər il orta hesabla 350-400 min ton gübrə istehlak olunur. Təbii şəraitdə biotanın tullantı məhsulları olan biogenlər su hövzələrindən çaylara və sututarlara daşınsa da, antropogen əlavələr bu axınları xeyli artırır. Yeri gəlmişkən, apardığımız tədqiqatlar nəticəsində müəyyən olununub ki, Azərbaycanın çay hövzələrinin 2 faizi zəif, 25 faizi mülayim, 73 faizi isə xeyli dərəcədə antropogen yüklənməyə məruz qalıb. Antropogen yüklənmənin hidroloji effekti daha çox təbii və dəyişdirilmiş landşaftları təmsil edən axım əmsallarının fərqinin böyük olduğu isti dövrdə özünü göstərir ki, bu da yay daşqınlarının intensivləşməsinə şərait yaradır. Nəticədə, bu amil su ehtiyatlarını artırsa da, çayların və su anbarlarının çirklənməsinə səbəb olur. Hesab edirəm ki, su ehtiyatlarının keyfiyyətcə tükənməsinin xüsusi təhlükəsi nəzərə alınaraq onun qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər prioritetlər sırasında olmalıdır. İlk növbədə, çirkab sularının təmizlənməsini yaxşılaşdırmaq lazımdır. Bununla yanaşı, təmizlənmiş çirkab sularının çaylara və su anbarlarına daxil olmasının qarşısı alınmalıdır. Bu məqsədə çatmağın əsas yolları isə suya qənaət, susuz texnologiyalar və qapalı su istehlakı dövrələridir ki, bunların reallığı hələ ötən əsrin 80-ci illərində tam sübuta yetirilib.
Sonda bir məqamı da qeyd edim ki, su obyektlərinin çirklənməsinə, eləcə də yerüstü axımın azaldılmasına yönəldilmiş tədbirlərlə (meşə və tarla torpaqlarının növbələşməsi, su saxlayan kənd təsərrüfatı texnologiyaları və s) hövzədə gedən eroziya prosesi zəifləyə bilər. Bu yolla, həm də əkin sahələrinin su təchizatının yaxşılaşdırılmasına nail olmaq mümkündür.