Dünən Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində tikinti sahəsində fəaliyyət göstərən yerli və xarici tikinti şirkətlərinin rəhbərlərinin iştirakı ilə Azərbaycanda “yaşıl” tikinti üzrə “dəyirmi masa” keçirilib. Tədbirin məqsədi yerli tikinti şirkətlərini, inşaat materiallarının istehsalı ilə məşğul olan müəssisələri, xarici şirkətləri və ekspertləri, eyni zamanda, dövlət orqanlarının nümayəndələrini bir araya gətirməklə davamlı və sıfır karbonlu tikintiyə keçid üçün müzakirələrin aparılması və əməkdaşlıq platformasının yaradılmasıdır.
“Dəyirmi masa”da çıxış edən ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev bildirib ki, hazırda CO2 (karbon-dioksid) qazının 21 faizi tikinti sektorunda formalaşır. Qeyd olunub ki, tikinti fəaliyyəti havanın çirklənməsinə gətirib çıxarır ki, bu da öz növbəsində insan sağlamlığı üçün neqativ nəticələr yaradır. “Biz bunu necə azalda bilərik? Hansı yeniliklər qəbul edə bilərik? Bunlar barədə düşünməliyik. Hər hansı bir bəyanat imzalamaqla yox, icra etməklə nəticə əldə etməliyik. Nəzarət sistemindən çıxmalıyıq. Hər bir şirkət özü məsuliyyət daşımalı, addım atmalıdır”, – deyə M. Babayev əlavə edib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxışında qlobal istiləşmənin yaratdığı iqlim böhranında dayanıqlı tikintinin daha çox önəm daşıdığını bildirib. Azərbaycanın COP29-a sədrlik etməklə qlobal iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətli olduğunu sübut etdiyini vurğulayan komitə sədri rəhbərlik etdiyi qurumun tikinti sənayesində rəqəmsallaşdırma və ətraf mühitin qorunması ilə bağlı bir sıra tədbirlərin həyata keçirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, qısa müddət ərzində damüstü günəş enerjisi sisteminin quraşdırılması təsdiq edilib, hazırda isə işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonası yaradılması ilə bağlı tədbirlər həyata keçirilir. A. Quliyev, həmçinin ölkəmizdə damüstü günəş enerjisi sisteminin quraşdırılmasının təsdiq edildiyini iştirakçıların diqqətinə çatdırıb.
Qeyd edək ki, Azərbaycanın dayanıqlı “yaşıl” tikinti rəhbərlərinin “dəyirmi masa” müzakirəsi baş icraçı direktorlar, nazirlər, BƏƏ-nin tikinti şirkətləri, COP29-un prezidenti və BMT-nin COP29 üzrə yüksək səviyyəli çempionu daxil olmaqla ölkəmizin aparıcı sənaye liderlərinin xüsusi yüksək səviyyəli görüşüdür. “Dəyirmi masa” qlobal iqlim hədəflərinə nail olmaq istiqamətində “yaşıl” tikintinin mühüm rolunu vurğulayır və COP29-a gedən yolda əhəmiyyətli mərhələyə işarə etməklə Azərbaycan və onun hüdudlarından kənarda ciddi nəticələri olan məqsədyönlü biznes əməliyyatları və əməkdaşlıq üçün zəmin yaradır. Ekspertlərin fikrincə, bu unikal tədbir çağırışları müzakirə etmək, imkanları araşdırmaq və əlverişli siyasətləri müəyyən etmək məqsədilə platforma təqdim etməklə Azərbaycanın tikinti sektorunda əməkdaşlıq və dayanıqlı inkişafa təkan verəcək.
Tədbirin sonunda COP29 Təşkilat Komitəsinin bir neçə üzvü və Azərbaycanda fəaliyyət göstərən bəzi tikinti şirkətinin rəhbərləri tərəfindən “Azərbaycanın Dayanıqlı Yaşıl Tikinti Bəyənnaməsi” imzalanıb. Bəyannamənin məqsədi tikinti şirkətlərinin emissiyaların azaldılması məsuliyyətini dərk etdiyini göstərməsidir. Bəyannamə bu istiqamətdə atılan addımın ilk mərhələsidir. Daha sonra isə məsuliyyəti dərk etmək mərhələsindən əməli fəaliyyətə keçid olacaq.