“The National News” COP29-a hazırlıqdan yazıb

post-img

Qalıq yanacaqla zəngin olan Azərbaycanın qarşısında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla evsahibliyi etmək kimi çətin vəzifə durur. 

Gündəlik “The National News” qəzetin­də 2-ci Şuşa Qlobal Media Forumunun işti­rakçısı Con Dennehinin müəllifi olduğu yazı yuxarıdakı sözlərlə başlayır. Məqalə müəllifi bildirir ki, təxminən, üç aydan sonra Bakı iqlim dəyişikliyi problemini həll etmək üçün 200-ə yaxın ölkədən nümayəndələri bir araya gətirəcək.

Müəllifin sözlərinə görə, tədbirin neft hasilatı ilə bağlı zəngin tarixi olan ölkədə təşkili Qərb mətbuatında tənqid olunsa da, ölkə rəhbərliyi COP29-da qarşıya qoyulan məqsədlərə nail olunacağına əmindir. “Ba­kının xeyrinə qərar verilməsi qalıq yanacaq sənayesi lobbiçilərinin danışıqlara nəzarəti ələ keçirdiyini düşünənlər tərəfindən tənqidə məruz qalıb. Lakin Azərbaycan Prezidenti İlham Əliyev Qərbin geniş, əlaqələndirilmiş media hücumuna cavab verdi”, - məqalədə qeyd olunub.

Məqalədə daha sonra dövlət başçısının sözlərindən sitat gətirilib: “Biz izah etməyə çalışırdıq, bu, bizim günahımız deyil ki, biz neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir. Biz iqtisadiyyatımızı necə şaxələndirmişik, iş­sizliyin öhdəsindən necə gəlmişik, yoxsul­luğu necə azaltmışıq... Deyə bilərəm ki, vaxt keçdikcə bizə qarşı hücumların sayı azalır... Ancaq onu bilirik ki, tədbir yaxınlaşdıqca bu ittihamların və hücumların sayı yenə də ar­tacaq”.

Bundan əlavə, müəllif qeyd edib ki, ölkə bərpaolunan enerji mənbələri sahəsində mü­hüm irəliləyişlər əldə edib, bu da Azərbay­canın “yaşıl keçid”ə hazır olmasından xəbər verir.

“Şəhərdən kənarda nəhəng Qaradağ Günəş Elektrik Stansiyası yerləşir. BƏƏ-nin “Masdar” şirkəti tərəfindən tikilən və ötən il istifadəyə verilən 230 meqavat gücündə stansiya ölkənin ilk belə sənaye miqyaslı la­yihəsidir. Bu stansiya təxminən 110 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcək və məqsədi ətraf mühitə atılan tullantıları ildə 200 min ton azaltmaqdır”, - məqalədə bil­dirilib.

Müəllif Azərbaycanın evsahibliyi edəcə­yi COP29-da iqlim danışıqlarında maliyyə məsələsinin ön planda olacağını vurğulayıb: “COP29-u uğurla keçirmək üçün Bakının qarşısında məsul vəzifə var – maliyyə. Bu tədbirdə qalıq yanacağından uzaqlaşmaq pro­sesinin necə maliyyələşdiriləcəyi ön plana çıxacaq. Dünya inkişaf etməkdə olan ölkələr üçün illik 100 milyard dollar həcmində yeni maliyyə öhdəliyi ilə razılaşmalıdır”.

Məqalədə Azərbaycanın onilliklərlə da­vam edən münaqişəyə son qoyulması məqsə­dilə aparılan sülh prosesi fonunda Ermə­nistanı COP29-a dəvət etdiyi qeyd olunub. Jurnalist Azərbaycan Prezidentinin kömək­çisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu məsələ ilə bağlı fikirlərinə is­tinad edib: “Azərbaycan indi Qarabağ mü­naqişəsinin sonundadır. İndi biz bu səhifəni çevirdik və sülh haqqında düşünürük. Biz, həmçinin sülh və COP29 anlayışını birləşdi­ririk”.

Qeyd edilib ki, COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək. Hazırda bu are­nada COP29-a geniş hazırlıq işləri görülür. COP29-un baş icraçı direktoru, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov burada yaradılacaq zonalar barədə məlumat verib. O bildirib ki, Azərbaycan bu tədbirə evsahibliyi etmək üçün geniş logistik imkan­lara və yüksək qonaqpərvərliyə malikdir.

Ekologiya