Ortaq əlifba: hərflərin harmoniyası

post-img

Çox zəngin tarixi ənənələrə malik olan türk xalqlarının vahid əlifbasının olması çox önəmlidir. Xalqların siyasi, iqtisadi və mədəni-mənəvi birliyinin yaranması baxımından belə bir əlifbanın yaradılması müstəsna əhəmiyyətə malikdir.

Uzun illərdir bu barədə tədbirlər keçi­rilir, müzakirələr aparılır, amma, təəssüf ki, ortada hamı tərəfindən qəbul edilən və həyata vəsiqə alan rəsmi bir sənəd yox­dur. Elə bil ki, bu işin reallaşmaması üçün gözəgörünməz bir qüvvə əngəl törədir.

Yəqin ki əvvəl-axır, gec ya tez, Türk dünyasının bilim adamları ortaq məxrəcə gələcəklər. Təki mövcud əlifbadakı qü­surlu ənənələr burada da öz əksini tapma­sın! Nədir onlar?! Birincisi, hərflərin hansı prinsip əsasında düzüldüyü bilinmir. Bu səbəbdən təcrübəli pedaqoqlar birincilərə əlifbanı öyrətdikləri zaman oradakı ardıcıl­lığı deyil, hərflərin işlənmə tezliyini əsas götürürlər. Əgər əlifbada hərflər işlənmə tezliyinə görə düzülsə, onda belə bir mən­zərə alınar: 

A İ Ə N R L D M I S T Y B

E K U O Q Ü Z Ş V H C X Ö

Ç F G P Ğ J 

Göründüyü kimi, kimyadakı metalların aktivlik sırasına bənzəyən bu ardıcıllıqda A birinci, J axırıncı yerdə dayanır. A-dan sonra B deyil, İ gəlir.

İkincisi, böyük və kiçik hərflər, eləcə də əl yazısı ilə çap yazısı bir-birindən çox fərqlənir. Bu da texniki çətinliklər yaradır. Məsələn, ikili say sistemində hərflər kod­laşdırılarkən artıq zəhmət tələb olunur.

Yaponlar yeri gələndə 4 əlifbadan isti­fadə edirlər. Qarşıda dayanan bütün tələb­lərə cavab vermək üçün ya gərək yaponlar kimi 4 əlifba işlədək, ya da elə əlifba yara­daq ki, universal olsun və bütün tələblərə cavab versin.

Belə əlifba və əl yazısında ilk növbədə hərflərin konfiqurasiyası çox sadə və ay­dın yazılmalıdır. Bunun üçün ən optimal variant hərflərin yalnız bir ünsürdən - düz xətlərdən ibarət olmasıdır. Belə hərflər EHM-lərdə asanlıqla qəbul olunar və iş­lənə bilər. Poçt-rabitə sistemində olduğu kimi, zərfin üstündə indeksin (rəqəmlərin) düz xətlərlə yazılması onların avtomatik çeşidlənməsinə imkan verir.

Alqoritmdə ədədlərin yazıla bildiyi hər yerdə istənilən cəbri ifadə kimi hərflərin perimetrləri və ya vektorlarının cəmi də yazıla bilər. Yəni alqaritmdə hərfləri onları təsvir edən vektorların cəmi kimi də ifa­də etmək olar. Düz xətlərlə yazılan hərflər bu tələbləri ödəyir (yeri gəlmişkən, qədim türk əlifbalarında hərflərin çoxu oxlardan - düz xətlərdən ibarət olub).

Bu cür hərflər hadisə və predmetlə­rin modelini qurmağa, şəbəkə yaratmağa, yüksək səviyyəli proqramlaşdırma dillə­rinin yaradılmasına və sadələşdirilməsinə yardımçı ola bilər. 

Burada böyük hərflərlə kiçik hərflə­rin və çap yazısı ilə əl yazısının arasındakı fərq aradan qaldırılır. Yeri gələndə böyük hərflər nisbətən böyük, kiçik hərflər isə daha kiçik yazıla bilər. Hərflərin maili ya­zılmasına isə ehtiyac yoxdur. Belə təcrübə inkişaf etmiş xarici ölkələrdə də var.

Müəllimlər birincilərə əlifbanı öyrət­mək üçün 4-5 ay vaxt sərf edirlər. Düz xət­lərlə yazılmış əlifbanı uşaqlara daha asan, daha sürətlə öyrətmək olar. Mövcud əlif­badakı diakritik işarələri, üfiqi qoşa xət­ləri də heç bir problem yaratmadan xırda, defisə bənzər düz xətlə əvəz etmək müm­kündür.

Şagirdlərə mövcud əlifba və əl yazısı - hüsnüxətt qaydaları öyrədilərkən müəl­limlər onların aydın, səliqəli və sürətlə yazmasına diqqət yetirirlər. Zaman keç­dikcə hər kəsin xətti dəyişir. Bəzən nəinki başqalarının, hətta öz yazdıqlarımızı belə oxumağa çətinlik çəkirik. Əl yazısında hərflərin yeni görünüşü bu problemin də qarşısını ala bilər. Çünki riyaziyyat dəftə­rində yazılması nəzərdə tutulan bu cür hərflərin konturlarının damalar üzərində cızılması istər-istəməz onların çərçivədən çıxmasının qarşısını alır.

Zaman keçdikcə kompüter əl yazısını sıradan şıxarır. Hazırda insanlar ərizəni belə kompüterdə yazırlar. Hərflərin elekt­ron-kompüter texnologiyasına uyğunlaş­dırılması (elə Ə hərfinin yeni konfiqura­siyada verilməsi də), onlarla üzvü şəkildə qovuşması bu prosesin qarşısını ala bilər.

Hərflərin kod adları isə elə seçilməlidir ki, onları tez əzbərləməyə və uzun müddət yadda saxlamağa yardımçı olsun.

Ən önəmlisi isə odur ki, bu işi tezliklə başa çatdırmaq lazımdır. Tarixi fürsəti əl­dən buraxmaq olmaz.

Arif ƏRŞADOĞLU,
yazıçı-jurnalist

Sosial həyat