II hissə
İşğal zamanı Ağdamın daşını-daş üstə qoymayan ermənilər burada uydurma bir erməni məskəni axtarmağa başlayıblar, “Artsax Tiqranakerti”, yaxud “Qafqaz Tiqranakerti”ni tapmaq adı ilə arxeoloji-qazıntı işlərinə başlayarkən tarixi keçmişimizin izlərini itirməyə çalışmışlar. 2007-ci ildən başlayaraq, Ağdam ərazisində yerləşən bu tarixi arxeoloji məkanı vəhşicəsinə qazmağa başlamış, guya burada bir şəhərin qalıqlarını tapdıqlarını elan etmişlər, adı da “Tiqranakertmiş”...
İlk dəfə burada qazıntıların aparılması və “Artsax Tiqranakerti”nin tapılması məlumatını uyduran ekspedisiya rəhbəri Hamlet Petrosyanın özü də etiraf edir ki, bunu etmək ona görə lazımdır ki, işğal olunmuş bu ərazilər geri qaytarılmasın. Deyə bilək ki, bura da bizim tarixi vətənimizdir və onu azad etmişik.
Ermənistan bu işin aparılmasına 30 milyon dram pul ayırmışdı. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın turizm şöbəsi ilə Livanın “Menagement Mix” şirkəti arasında müqavilə imzalanıb. Ümid edirdilər ki, şirkət uydurma “Tiqranakert” şəhərində arxeoloji qazıntılar aparmaqla yanaşı, şəhərin bərpası ilə də məşğul olacaq. “Hafta.az”ın əldə etdiyi məlumata görə, bu barədə qondarma respublikanın paytaxtı Xankəndidə keçirilən brifinqdə “Menagement Mix” şirkətinin prezidenti Raffi Semerdicyan məlumat verib. O bildirib: “Bizim şirkət ilin sonuna kimi layihə planlarını “Dağlıq Qarabağ Respublikası”nın rəhbərliyinə təqdim edəcək. Bu ərazidə iki qrup işləyəcək, onlar qədim Tiqranakert şəhərinin qurulması ilə məşğul olacaqlar. Burada əsas məqsəd yerli turistlərlə yanaşı, xarici turistləri və şirkətləri bu ərazilərə cəlb eləməkdir. Düşünürük, turistlərin böyük axını ilə birlikdə Tiqranakertin inkişafına əlavə investisiyalar da qoyulacaq”.
Həmin “kəşfləri” dünyaya yaymaq üçün onlar Misirdə havadarlar taparaq, buradakı İsgəndəriyyə muzeyində təqdimat etmişdilər. Bu saxtakarlığa beynəlxalq çalar vermək üçün hətta Misir-Ermənistan birgə ekspedisiyası yaradılması qərara alınmışdı. Sonra bunu daha geniş coğrafiyada yaymaq üçün Los-Ancelesdə mətbuat konfransı keçirilmişdi. Bu təxribat başqa ölkələrdə də davam etdirilmişdi.
“Tiqranakertin tapılması" ermənisayağı bir sensasiya olmalı idi, amma dünya buna inanmadı. Tarixdə belə bir məkan olmuşdurmu?
Mifik “Böyük Ermənistan” dövlətinin paytaxtlarından biri kimi “Tiqranakert"dən bəzən bəhs edilmişdir. Ermənilərə görə indiki Diyarbəkirə yaxın bir yerdə belə bir yaşayış məskəni olmuşdur və onu “Tiqran Metsin torpaqları”nın paytaxtı kimi qələmə verməyə çalışmışlar. Amma o zaman da müstəqil bir erməni dövləti mövcud olmamışdır ki, onun da belə bir paytaxtı olsun.
Ermənilərin bəzi alimləri özləri isə bu yaxınlaradək “Tiqranakert”in Yaxın Şərqdə, Mesopotamiyada yerləşdiyini iddia edirlər. Əgər ermənilərin “Tiqran Metsin torpaqları” Doğu və Güney Doğu Anadolunu əhatə edirdisə, nədən Tiqranakerti Ağdamda axtarırlar? Nədən işğal edilən Sədərək rayonunun Kərki kəndini daha bir “Tiqranakert” kimi qələmə verməyə çalışırlar?
Məlum erməni xəstəliyidir. “Tiqranakert”in qalıqlarının Ağdam ərazisində “tapılması” gülünc bir saxtakarlıqdır. Hətta erməni tarixçilərindən də bəziləri bu iddialarının əsassız olduğunu söyləmişdilər. Tanınmış Azərbaycan tarixçisi, mərhum Kərəm Məmmədov deyirdi ki, tarixi mənbələrdə indiki Ağdamın adı maksimum dərəcədə “haylaşdırılsa” da, Musa Kalankatuklunun “Ağvan tarixi” əsərində o, “Ağuen” şəklində işlənir. Faktiki olaraq indi Azərbaycan türkcəsində “ban” və “dam” eyni məna daşıyır. “Ağ ban” və “Ağ dam” toponimi sadəcə sinonimdən başqa bir şey deyildir. Bu təxribatın müəlliflərindən biri olan erməni tarixçi Minasyan deyir ki, Ağdamın əsl adı “Akn”dır, özü də guya erməni məskənidir. Minasyan “sübut etməyə” çalışır ki, azərbaycanlılar (o bizi “türk-tatar köçəri qəbilələri” adlandırır) guya buraya gəlmədirlər: “Şəhərin (Ağdamın) əsas əhalisini ermənilər “təşkil edirdi”, yalnız XIX əsrin sonlarında və XX əsrin əvvəllərində burada türk-tatar qəbilələri yerləşdilər. Sonra ermənilər buradan çıxarıldılar”. Erməni tarixçisi işğaldan əvvəl utanmadan yazırdı ki, “indi Akna yenidən erməni yurdudur. Ağdam vaxtilə erməni şəhəri olmuşdur. 1993-də ermənilər onu yenidən ermənilərə qaytardılar”.
Ağdamda qazıntılara gəlincə, e.ə. II minilliyin I yarısına aid edilən (orta tunc dövrü) Üzərliktəpə yaşayış yeri öyrənilmişdir. Yaşayış yerinin ətrafına qala hasarı çəkilmişdir. Bundan başqa, Azərbaycan arxeoloqları tərəfindən Ağdamın Şıxbabalı və Papravənd kəndləri ərazisində e.ə. XII-IX əsrlərə aid ətrafına qala divarları çəkilmiş yaşayış məskənləri tədqiq olunmuşdur. Bu abidələr Azərbaycanda, xüsusilə onun Qarabağ bölgəsində ilkin şəhər mədəniyyətinin formalaşmasını sübut edir və Azərbaycan xalqının tarixi keçmişinə məxsusdur.
Bütün bu abidələrin məhz Azərbaycan xalqının tarixi keçmişinə məxsus olması dünya arxeologiyasına çoxdan məlumdur və həmin abidələrin erməni tarixinə heç bir aidiyyəti yoxdur.
Təsadüfi deyil ki, Polşanın tanınmış alimi Voytsex Pastuşka hələ bir müddət əvvəl ermənilərin “Tiqranakert” fitnəkarlığı barədə danışarkən demişdi ki, bu qazıntılar “arxeoloji deyil, siyasi qazıntılardır”.
Qafar MEHDİYEV
XQ