Üzən elektrik stansiyası fəaliyyətə başlayıb
Azərbaycanın elektroenergetika sənayesi üçün unikal sayılan yeni stansiya istismara verilib. Qurğu Bakı yaxınlığındakı Böyükşor gölündə fəaliyyət göstərəcək.
100 kilovat gücündə olan “Böyükşor” üzən günəş elektrik stansiyası İspaniyanın “Gamma Solutions” şirkəti tərəfindən Asiya İnkişaf Bankının (AİB) qrantı hesabına inşa edilib. Sstansiyanın panellərinin üç əsas bloku fotovoltaik daimi cərəyan generatorunun günəş enerjisini elektrik enerjisinə çevirmə effektindən istifadə etdiyi günəş batareyası prinsipi əsasında işləyir. Dəyişən cərəyan gücünə malik olan stansiyanın 100 kilovatlıq gücünün 95 kilovatı birbaşa olaraq stansiyanın üzən hissəsinin (FPV), 5 kilovatı isə yerüstü hissəsinin payına düşür.
Layihə AİB-in Azərbaycan, Qırğızıstan və Əfqanıstanı əhatə edən “Üzən günəş enerjisi sistemlərinin inkişafı” regional təşəbbüsünə daxildir. Yeri gəlmişkən, layihənin icraçısı “Gamma Solutions” şirkəti 20-yə yaxın ölkədə fəaliyyət göstərir və portfelinə dünya üzrə 50-dən çox bərpa-olunan enerji layihəsi (fotovoltaik və külək elektrik stansiyaları) malikdir.
Qeyd edək ki, hazırda Azərbaycanın ümumi enerji balansında (o cümlədən hidroenergetikada) bərpaolunan enerji mənbələrinin payı 15 faiz təşkil edir. 2030-cu ilə qədər isə bu göstəricinin 30-33 faizə çatdırılması planlaşdırılır.
XQ