Xəzər regionundan “yaşıl” elektrik enerjisinin Avropaya çatdırılması üçün Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan tərəfindən həyata keçirilən enerji dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək və Serbiya bu mühüm təşəbbüsü yaxından öyrənir. Bu barədə Serbiyanın Mədən və Energetika Nazirliyinin dövlət katibi Stefan Srblyanoviç Bakıda Azərbaycan və Serbiya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında deyib.
Komissiyanın azərbaycanlı həmsədri Sahil Babayev Serbiyanın yaxın gələcəkdə Azərbaycandan “yaşıl enerji” alacağını və müvafiq sazişin hazırlana biləcəyini istisna etməyib. “Yaşıl enerji” əməkdaşlıq üçün çox vacib sahədir. Bu kontekstdə “Xəzər–Azərbaycan–Gürcüstan–Qara dəniz vasitəsilə Avropa “yaşıl enerji” dəhlizinin yaradılması böyük əhəmiyyət kəsb edir. Bu dəhliz Azərbaycandan Avropaya 4 qiqavat “yaşıl enerji” təchizatı üçün nəzərdə tutulub. Rumıniya və Macarıstanla razılaşmalar var, bu məsələ ilə bağlı Serbiya ilə ilkin danışıqlar aparılıb”, – deyə S. Babayev jurnalistlərə bildirib. Onun dediyinə görə, cari ilin ikinci yarısında bu layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması başa çatacaq və bundan sonra yekun qərarlar veriləcək.
Azərbaycanın dəniz külək enerjisi potensialının 150 qiqavatı ötdüyünü vurğulayan nazir yaxın gələcəkdə Serbiya ilə “yaşıl enerji” layihələri ilə bağlı razılığa gəlinəcəyinə ümid etdiyini bildirib. S. Babayev deyib ki, bu məsələ komissiyanın iclasından sonra Bakıda imzalanmış protokolda öz əksini tapıb. Onun sözlərinə görə, Serbiya bazarına ənənəvi enerji resursları təchizatçısı olan Azərbaycan gələcəkdə bu ölkəyə “yaşıl enerji” də ixrac edə bilər.
Məlum olduğu kimi, Prezident İlhamƏliyevin yeni enerji siyasətinin əsas istiqamətlərindən biri də Azərbaycanın Avropanın dekarbonizasiyasında fəal iştirakını təmin etməkdən ibarətdir. Bununla ölkəmiz, həm də Avropaya yeni enerji körpüsü salmaqla “köhnə qitə”nin mühüm elektrik enerjisi, əsasən də, “yaşıl enerji” təchizatçısına çevrilməyi hədəfləyir. Bunun isə yaxın illərdə reallaşacağı şübhəsizdir. Çünki bu istiqamətdə artıq ilk ciddi addımlar atılıb. Belə ki, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Əldə edilən razılaşma çərçivəsində Qara dəniz enerji sualtı elektrik kabelinin tikintisi nəzərdə tutulur. Həmin kabel Azərbaycanda hasil edilən “yaşıl” elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Macarıstana və Avropanın qalan hissəsinə çatdırmaq üçün Rumıniyaya tədarük edəcək. Sözügedən saziş Azərbaycanın “yaşıl enerji”sinin Avropaya çatdırılmasını nəzərdə tutur. Sazişə əsasən, Qara dənizin dibi ilə 4 qiqavat gücündə və 1195 kilometr uzunluğunda elektrik enerjisi kabeli çəkiləcək. Bu da ölkəmizdə istehsal olunan “yaşıl enerji”nin Avropaya ixracına imkan yaradacaq. Beləliklə də, Azərbaycan “köhnə qitə”nin enerji təhlükəsizliyinin daha dolğun və əhatəli şəkildə təmin olunmasında yaxından iştirak edəcək.
Artıq Xəzər dənizindən Qara dənizə, oradan da Avropaya istiqamət götürəcək “yaşıl kabel” layihəsinin texniki-iqtisadi əsaslandırılması sonuncu mərhələyə qədəm qoyub. Texniki-iqtisadi əsaslandırma hazır olan kimi işlərə başlanacaq. Göründüyü kimi, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə də deyil, alternativ enerji mənbələri hesabına da təmin etməsi ilə bağlı mühüm işlər görür. Bu istiqamətdə birgə əməkdaşlığın isə Azərbaycan iqtisadiyyatına çox böyük fayda gətirəcəyi şəksizdir.
XQ