Yaddan çıxmaz Qərbi Azərbaycan!

post-img

Qərbi Azərbaycan İcmasının Xaç­mazda Şimal bölgəsi rayonlarının təhsil işçiləri ilə keçirdiyi görüşdə qaçqın soydaşlarımızın ulu yurda qa­yıdışı ilə bağlı görülmüş işlər, qarşıda duran vəzifələr diqqət mərkəzində olub.

Elm və Təhsil Nazirliyinin məsul əməkdaşı Rövşən Ağayev belə görüşlərin keçirilməsinin yüksək əhəmiyyət daşıdı­ğını vurğulayaraq bildirib ki, Azərbaycan xalqının tarixi yaddaşında və milli şüurun­da əzəli yurd yerimiz olan Qərbi Azərbay­can həqiqətləri önəmli yer tutur. O qeyd edib ki, ermənilərin azərbaycanlılara qarşı müxtəlif illərdə törətdiyi zorakı hərəkət­lərin, xüsusilə soydaşlarımızın öz doğma yurdlarından zorla qovulmasına ümum­milli lider Heydər Əliyevin verdiyi siyasi qiymət və Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış hərəkatına göstərdi­yi rəsmi dəstək icmanın hazırlıq tədbirləri­nin strateji yol xəritəsidir.

Görüşdə qeyd edilib ki, Ulu öndərin dediyi aşağıdakı sözlər Qayıdış hərəkatı­nın yoluna gur işıq salır: “Mən inanıran, mən tam inanıram ki, hər şey ədalət na­minə dəyişəcək bütün bölgədə. Mütləq, mütləq siz gələcəkdə hələ gedib öz gözəl Göyçə torpağınızı da görəcəksiniz. Öz doğma dağlarınızı, bulaqlarınızı, çayla­rınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm”. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli liderliyi sayəsində 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı nəti­cəsində Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsindən sonra Qərbi Azər­baycandan olan soydaşlarımızın da vaxtilə didərgin salındıqları ata-baba yurdlarına qayıdacağına inamı artıb.

Qərbi Azərbaycan İcmasının Xaçmaz rayonu üzrə sədri Bəxtiyar Haqverdiyev isə bildirib ki, görüşün əsas məqsədi təhsil müəssisələrində çalışan Qərbi Azərbaycan qaçqınları ilə sıx ünsiyyət qurmaq, tarixin müxtəlif dönəmlərində ermənilərin törət­dikləri deportasiya və soyqırımları barədə həqiqətləri gündəmə gətirmək, Böyük Qa­yıdış Proqramından irəli gələn vəzifələri müzakirə etmək və fikir mübadiləsi apar­maq, günün suallarını cavablandırmaqdır. Bununla bərabər, düşmənin xarabalığa çevirdiyi qədim yurd yerlərimizin xalqımı­zın doğma vətəni olduğunu yenidən bütün dünyaya çatdırmalı, Qərbi Azərbaycanda yaradılmış mədəni irsi qoruyub yaşatmaq üçün səyləri birləşdirməliyik. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “ Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar”. 

Xaçmaz şəhər 2 nömrəli tam orta mək­təbin təsərrüfat işləri üzrə direktor müavini Məmməd İmamquliyev erməni millətçilə­rinin zaman-zaman onlara qarşı təcavüz və vandallıq əməlləri törətdiklərini bildi­rib. O, dədə-baba torpaqlarından köçkün düşmələrindən, onlara vurulan yaralardan, erməni vəhşiliklərindən qorunmaq üçün kahalarda gizlənmələrindən, təzyiq və haqsızlıqlara məruz qalmalarından, işgən­cələrdən söz açıb. 

Xaçmaz şəhər 7 nömrəli tam orta mək­təbin direktoru Şamama Nəsirova, Quba rayonu İsnovqışlaq kənd tam orta məktə­bin müəllimi Mahirə Nəbiyeva, Siyəzən rayonu Gilgilçay stansiya tam orta mək­təbin müəllimi Nəcibə Əfəndiyeva, Quba rayonu Qaraçay qəsəbə tam orta məktəbin müəllimi Nüşabə Allahverdiyeva, Quba Rayon Peşə Liseyinin müəllimi Rəhim Qədirov ötən əsrdə Qərbi azərbaycanlı­ların davamlı olaraq soyqırımı və depor­tasiyalara məruz qalmalarından söz açıb­lar. Natiqlər Qərbi Azərbaycanın qədim dövrlərdən bəri xalqımızın doğma vətəni olduğunu sübut edən faktlardan, bu yerdə yaradılmış mədəni irsin qorunmasından və qayıdış hərəkatında bu özülə əsaslanmağın zəruriliyindən danışıblar.

Qərbi Azərbaycan İcmasının sektor müdiri Əbdüləli Həsənov müzakirə edilən mövzunun aktuallığına və əhəmiyyətinə toxunub. İcmanın koordinatoru İmam Məmmədov Qərbi Azərbaycan ərazilərinə tarixi, mədəni və hüquqi baxışlar əsasında qayıdışın yollarından danışıb. Onlar qeyd ediblər ki, bu gün Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda bərpa-yenidənqur­ma işləri həyata keçirir, məcburi köçkün­lərimiz öz doğma yurdlarına qayıdırlar. Qərbi azərbaycanlı vətəndaşlarımız da öz dədə-baba yurdlarına qayıdıb orada yaşa­malıdırlar. 

Sonda Qərbi Azərbaycan tarixini əks etdirən və gələcək nəsillərə çatdıran dərs vəsaiti və monoqrafiyaların hazırlanması­nın vacibliyi qeyd edilib. 

T.RÜSTƏMLİ
XQ



Sosial həyat