Köçbək babalarımızın yaylağı olub

post-img

Dünyaya göz açdığım Qərbi Azərbaycanda yerləşən Dərələyəz mahalının Əzizbəyov rayonunun (XX əsrin 50-ci illərinədək Paşalı) Köçbək kəndinin adı türk dilində “düşərgə, çobanların müvəqqəti yaşayış yeri” mənasını ifadə edib. 

Kənddə 1831-ci ildə 25, 1873-cü ildə 226, 1886-cı ildə 312, 1897-ci ildə 417, 1904-cü ildə 425, 1914-cü ildə 470 və 1916-cı ildə 537 nəfər azərbaycanlı yaşa­yıb. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalıb və yurd erməni faşizmi tərə­findən doğma sakinlərindən təmizlənib. Ermənistanda sovet hökuməti qurulandan sonra isə Köçbək yenidən əzəli sakinləri­ni qoynuna alıb. Burada 1922-ci ildə 103, 1926-cı ildə 179, 1931-ci ildə 365, 1972-ci ildə 564 nəfər azərbaycanlı yaşayıb. 

Dərələyəz mahalı qədim zamanlardan türk-oğuz tayfalarının yaşayış məskəni olub. Köçbək isə dəniz səviyyəsindən 2 metr yüksəklikdə, “Qısır” və Zəngə­zur dağlarının ətəyində yerləşib. Kəndin əhatələndiyi dağlar füsunkar gözəlliyi və buz bulaqları ilə bura gələn qonaqları va­leh edib. 

Əhali, əsasən, maldarlıq, əkinçilik və arıçılıqla məşğul olurdu. Hər bir ailə 10-15 baş iribuynuzlu, 70-100 başdan artıq xır­dabuynuzlu heyvan, 30-dan artıq arı ailəsi saxlayırdı. Hər kəsin həyətində bir tən­dirxanası vardı. Bu təndirlərdə lavaş, fətir və kömbə çörəklər bişirilərdi. Lavaş yapı­landa qonşu qadınlar bir-birilərinə kömək edərdilər. 

1988-ci ildə Qarabağda erməni faşizmi baş qaldıranda Köçbəkdə müəllim işləyir­dim. Bu dövrdə erməni daşnakları tərəfin­dən kəndimizə davamlı hücumlar edilirdi. Bir qrup əliyalın gənc kəndin girəcəyindən qoca-qarıları, qadınları, uşaqları qorumaq üçün növbə çəkirdi. Bəzən erməni daş­naklarının hücumu zamanı kənd əhalisi qorunmaq üçün dağlara çəkilirdi. Nəhayət, camaat Azərbaycana köçmək məcburiyyə­tində qaldı və 1988-ci il noyabrın 24-28-də Ermənistan dövlətinin bilavasitə xüsusi göstərişi ilə azərbaycanlıların deportasiya­sı başa çatdırıldı. Kənddə yaşayan 130 ailə və təqribən, 800 nəfər oğuz türkü doğma od-ocağından qovuldu. Ermənistan pre­zidentinin 19 aprel 1991-ci il fərmanı ilə Köçbəyin adı dəyişdirilib Hedzor qoyuldu. 

Deportasiya olunan soydaşlarımızın böyük əksəriyyəti, əsasən, Şuşa rayonu­nun Malıbəyli kəndində və digər yaşayış məntəqələrində özlərinə fərdi ev tikərək məskunlaşdılar. Lakin erməni daşnakları­nın havadarı Rusiyanın Xankəndidə yer­ləşən 366-cı alayın silahlı əsgərləri tərə­findən Şuşa, Xocalı və eləcə də Malıbəyli daim atəş altında saxlanılırdı. Nəhayət, 1992-ci il fevral ayının 11-də adıçəkilən alayın köməyi ilə erməni vəhşiləri Ma­lıbəyli kəndini işğal etdilər.

Malıbəyli 35 nəfərədək şəhid verdi. Kəndin əhalisi dağlarla, meşələrlə 2-3 gün yol qət edərək Ağdam şəhərinə gəldi. Ca­maat Azərbaycanın müxtəlif bölgələrin­də və Bakı şəhərində məskunlaşdı. Əhali Dərələyəz mahalından qaçqın düşəndən sonra ikinci dəfə məcburi köçkün həyatı yaşamağa məhkum oldu.

Qarabağ torpağı II Qarabağ mühari­bəsi və 2023-cü ildə həyata keçirilən an­titerror əməliyyatından sonra azadlığına qovuşdu. Köçbəklilərin öz dədə-baba tor­paqlarına qayıtmaq ümidləri artdı. 

Valid MURADOV,
Bakı şəhəri 296 nömrəli tam orta məktəbin direktoru

Sosial həyat