Bakının COP29 hazırlıqları

post-img

Noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanın imkanlarının növbəti nümayişi olacaq. COP29 təkcə ölkəmiz üçün əhəmiyyət kəsb etməyəcək, bu tədbir çərçivəsində həm də dünya dövlətlərinin iqlim dəyişikliyinə qarşı mübarizədə oynadığı rol diqqət çəkəcək. Bütün bunlarla yanaşı, respublikamıza gələn çoxsaylı qonaqlarda paytaxtımızın gözəlliyi, sakinlərin qonaqpərvərliyi barədə aydın təsəvvür yaranacaq. 

Prezident İlham Əliyevin Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən yüksək sə­viyyəli 29-cu toplantının iştirakçılarına mü­raciətində bu barədə deyib: “Artıq uzun za­mandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasındadır. Bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsad­ları ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törətməklə yanaşı, sadə insanların da gündəlik həyatlarına və yaşam tərzlərinə əhə­miyyətli dərəcədə təsir göstərir”.

Dövlətimizin başçısı daha sonra qeyd edib ki, Azərbaycan COP29-a var gücü ilə hazırlaşır, “yaşıl”, ədalətli, inklüziv və da­yanıqlı dünya naminə həmrəyliyi gücləndir­mək, planetimizin gələcəyi üçün müsbət nəti­cələr əldə etmək üçün səyini əsirgəmir.

Bu, Bakının timsalında aydın nəzərə çar­pır. Paytaxtımız COP29 kimi nüfuzlu tədbirə ciddi hazırlaşır, şəhərdə genişmiqyaslı abad­lıq-quruculuq tədbirləri sürətlə həyata keçi­rilir. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-dən aldığımız məlumata görə hazırda şəhər böyük bir tikinti meydançasını xatır­ladır, küçə və prospektlər, yollar, yaşayış və inzibati binaların fasadları, dam örtükləri, ey­vanlar təmir edilir, rənglənir, səki kənarlarına yeni bardürlər quraşdırılır, yol kənarlarına dekorativ daş döşənir. 

Sadalananlarla yanaşı, köhnə parklar ye­nilənir, şəhərimizin müasir inkişaf səviyyə­sinə və memarlıq üslubuna uyğun dizaynda yenidən qurulur, müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılır, o cümlədən uzun müddət yararsız vəziyyətdə olan fəvvarələr abadlaşdırılır, istirahət guşələrində güllər və həmişəyaşıl kollar əkilir. 

Hazırda şəhər ərazisində 10 meqa park salınır, bəzi parkların ərazisi artırılır. Ölkə başçısının müvafiq sərəncamı ilə Mərkə­zi Nəbatat və Mərdəkandakı Dendralogiya parklarında əsaslı təmir-yenidənqurma işləri görülür, bu istirahət məkanlarının ərazilərin­də yeni yaşıllıq sahələri yaradılır, istismara yararsız, parkın ümumi görkəminə xələl gə­tirən tikili və qurğular ləğv edilir. Mövcud ictimai-iaşə obyektlərinin fasadları müasir üslubda, parkın yeni layihəsinə uyğun təmir olunur, o cümlədən yeni işıq dirəkləri, eləcə də idman qurğuları və uşaq əyləncə meydan­çası yaradılır. 

Qeyd edək ki, dövlətimizin başçısının tapşırığı ilə paytaxt Bakıda parkların və xiya­banların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhə­rimizin qonaqlarının rahatlığı üçün müasir is­tirahət guşələrinin yaradılması istiqamətində son illərdə ardıcıl tədbirlər davam etdirilir. “Yaşıl dünya naminə həmrəylik ili”ndə yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastruktu­run yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Yeni parkların salınması, köhnələrinin müa­sirləşdirilməsi COP29-a evsahibliyi edəcək ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən işlərə də töhfə vermək baxımından xüsusi önəm daşıyır.

Paytaxtda aparılan geniş tikinti-quru­culuq işləri çərçivəsində istismar müddəti bitmiş qəzalı bina və tikililər də sökülür və həmin ərazilərdə parklar salınır. Bu da öz növbəsində paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin mühüm tərkib hissəsi olmaqla yanaşı, ətraf ərazilərdə yaşa­yan sakinlərin istirahətinin yüksək səviyyədə təşkil edilməsinə geniş imkanlar yaradır.

İ.Kərimov daha sonra dedi: – Bir neçə il əvvəl salınmış “Gənclik”, “Nizami Gəncəvi”, “Qış”, “Çəmbərəkənd” və bir sıra digər park­larda sakinlər və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb, müasir idman və uşaq əyləncə qurğuları, söhbətgahlar, köşklər qu­raşdırılıb.

Hazırda Xətai rayonunda yerləşən “Sev­gi” parkı genişləndirilir. Bununla əlaqədar şəhərin əsas magistral yollarından olan Yu­sif Səfərov küçəsinin ətrafında yerləşən və istismar müddəti bitmiş tikililər sökülür. Bu ərazidə yaşayan sakinlər və obyekt sahibləri mövcud qanunvericiliyə uyğun kompensasi­ya ödənilməsi şərti ilə köçürülür. Yaxın gün­lərdə sökülən tikililərin ərazisi abadlaşdırıla­raq adıçəkilən parka birləşdirilir. 

Bu gün Mərkəzi parkın 3-cü hissəsində genişləndirmə-abadlıq işləri görülür. Nəri­manov rayonunun Ceyhun Hacıbəyli, Nəsib bəy Yusifbəyli, Vaqif küçələrinin kəsişməsin­də, keçmiş antenna sahəsinin ərazisində yeni meqapark salınır. 

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri çərçivəsin­də ümumi sahəsi 3,5 hektar olan ərazidə, met­ronun “28 May” stansiyasının və Dəmir yol vağzalının qarşısındakı meydanda da əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb. 

Xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanan və müasir tələblərə cavab verən layihə sənədlərinə əsasən, burada piya­daların hərəkəti üçün təhlükəsiz zona yara­dılacaq və yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcək. Meydanla yanaşı, ətraf ərazi də abadlaşdırılacaq.

Şəhərin sanitar təmizliyinin qorunması üçün mütəmadi olaraq iməciliklər keçirilir, küçələr, ağaclar, binalar yuyulur, kol və gül­lər, qazon örtüyü suvarılır. 

Görülən bu işlər şəhər sakinləri və pay­taxtımıza gələn qonaqlar tərəfindən çox müs­bət qarşılanır. Təmiz küçə və parklar insan­larda xoş təəssürat oyadır. 

Paytaxtda genişmiqyaslı tədbirlər mütəxəssislərin, o cümlədən tanınmış me­marların, ictimai xadimlərin rəyi nəzərə alınmaqla həyata keçirilir. Bununla bağlı Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyir: – Sakinlərimiz bilməli­dirlər ki, təmir işləri kortəbii aparılmır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi ko­missiya yaradılıb. Bu komissiyaya şəhər icra hakimiyyəti, Mədəniyyət Nazirliyi, Şəhər­salma və Arxitektura Komitəsi və “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri daxildir və Memarlar İtttifaqı ilə daim əlaqə­dədirlər, qarşıya çıxan hər hansı mübahisəli məsələ birgə məsləhətləşilir. Biz də bacar­dığımız dərəcədə onları istiqamətləndiririk. İllər boyu baxımsız qalan bir sıra qədim bi­nalarda aparılan təmir-bərpa işləri isə heç bir narahatlıq doğurmamalıdır. Belə bir proses, əslində, həmin binaların ömrünün uzadılma­sına xidmət edir. 

Pünhan ƏFƏNDİYEV
XQ



Ekologiya