Azərbaycanın “yaşıl artım” hədəfləri

post-img

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il Bakıda keçirilməsi qərarı Azərbaycanın “yaşıl enerji” siyasətinə qlobal dəstəyini ifadə edir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də vurğulanan fikrin bariz ifadəsidir. Neft-qaz ölkəsi olan Azərbaycan hazırda “yaşıl enerji” növlərinin gerçəkləşdirilməsi və “yaşıl enerji”nin dünya bazarlarına nəqlini enerji siyasətinin yeni prioritet istiqaməti kimi diqqətdə saxlayır. 

Respublikamızda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası eko­loji problemlərin operativ həllinə, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlve­rişli şərait yaradır. Bunun nəticəsidir ki, ölkəmizdə təmiz ekoloji mühitin gerçək­ləşdirilməsi məqsədilə mövcud təbii re­sursların dayanıqlı və səmərəli istifadəsi, tullantıların idarə edilməsi ilə bağlı inf­rastrukturun yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbay­canın 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyası həcminin 40 faizə qədər azaldılmasının, habelə düşməndən təmizlənən ərazilərimizdə “təmiz 0” emissiya zonasının yaradılma­sının şərti hədəf kimi götürülməsi də bu­nun bariz ifadəsidir.

Son illər ölkəmizdə sözügedən sahədə bir sıra mühüm layihələr real­laşdırılıb. Məsələn, MDB-də ən böyük və Xəzər dənizi regionunda ilk sənaye miqyaslı günəş elektrik stansiyası–230 MVt-lıq Qaradağ Günəş Elektrik Stan­siyası (GES) istismara verilib. Eyni zamanda həmin stansiyanın açılışı zamanı digər yeni layihələrin də əsası qoyulub: “Masdar” şirkəti ilə Neftçala­nın Bankə qəsəbəsində 315 MVt-lıq, Biləsuvarda isə 445 MVt-lıq GES və Abşeron–Qaradağ rayonları ərazisində 240 MVt-lıq külək elektrik stansiyasının (KES) tikintisi ilə bağlı, ümumilikdə, 1 qiqavat bərpaolunan enerji mənbəyinin istismara buraxılmasını özündə ehtiva edən üç yeni layihə imzalanıb. Bərpao­lunan enerjinin payı isə hazırda 17 faizə yüksəlib.

Ölkədə “yaşıl enerji”nin reallaşdırıl­ması ilə bağlı normativ hüquqi bazanın formalaşdırılması da diqqətdə saxlanı­lıb. “Elektrik enerjisi istehsalında bər­paolunan enerji mənbələrindən istifadə haqqında” qanundan irəli gələn 4 alt qanunvericilik aktı təsdiqlənib. “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilmə­si Qaydası”nda bağlanan müqavilələr və keçiriləcək hərraclarla bağlı hüquqi çərçivə müəyyənləşdirilib. Bununla da investorların səmərəli fəaliyyətinə əlve­rişli zəmin yaradılıb. Eyni zamanda fəal istehlakçıların dəstəklənməsi və “yaşıl sertifikatlar”la bağlı qaydalar təsdiqlə­nib. Bütün bunlarla bərabər, bərpaolu­nan enerji mənbələri üzrə informasiya sistemi formalaşdırılaraq artıq istifadəyə verilib.

Hazırda ölkəmizdə “yaşıl enerji”dən istifadənin genişləndirilməsi məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq layihələri, o cümlədən dəniz­də külək enerjisi üzrə Yol Xəritəsi, elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi və bərpaolunan enerji ixracı planları, “yaşıl enerji”nin Xəzərdən Avropaya və Nax­çıvandan Türkiyəyə ixracı, enerji keçidi, enerji effektivliyi, “yaşıl hidrogen”, elekt­romobillik və digər məsələlər haqqında danışıqlar aparılır. Ümumiyyətlə, “yaşıl” inkişaf və qlobal iqlim hədəflərinə uy­ğun olaraq layihələrin vaxt itirmədən və səmərəli şəkildə həyata keçirilməsi məsələsi daim diqqətdə saxlanılır. 

Dördüncü Sənaye İnqilabı adlandırı­lan yeni dövrün əsasını təşkil edən “yaşıl enerji” ənənəvi enerji mənbələrini – daş kömür, neft-qaz kimi sahələri geridə qo­yacaq. Yeni istehsal olunan mühərrik­lər, maşınlar tamamilə hidrogen, qaz və elektrik enerjiləri ilə işləyəcək. 

Onu da deyək ki, son vaxtlar respub­likamızda “yaşıl enerji”nin ixrac potensi­alının gücləndirilməsi ilə bağlı ciddi la­yihələr icra edilib. Məsələn, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan ara­sında imzalanan dördtərəfli müqavilənin gerçəkləşdirilməsi ilə əlaqədar geniş­miqyaslı işlər görülüb, keçirilən tenderin nəticəsində artıq qalib şirkətlə müqavilə imzalanıb. 

Məlum olduğu kimi, bu sazişdə Azər­baycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gür­cüstan və Qara dənizdən keçəcək su­altı elektrik enerjisi kabelinin çəkilməsi nəzərdə tutulub. Sənədə əsasən, Xəzər dənizi üzərində və ətrafında yaradılacaq bərpaolunan enerji mənbələrində isteh­sal olunan “yaşıl enerji”nin Azərbaycan­dan Gürcüstana, oradan kabel xətti ilə Qara dənizin altından keçməklə Rumıni­ya və Macarıstana, daha sonra isə Avro­pa Birliyi ölkələrinə ötürülməsi, bununla da “Xəzər – Avropa Birliyi Yaşıl Enerji Dəhlizi”nin yaradılması tərəflər arasında əsas prioritet olaraq qəbul edilib. 

Qara dənizin dibi ilə çəkiləcək 4 qiqa­vat gücündə və 1195 kilometr uzunluğun­da olan kabel ölkəmizdə istehsal edilən “yaşıl enerji”nin Avropaya ixracına imkan yaradacaq. Beləliklə, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyini daha dol­ğun və əhatəli şəkildə təmin edilməsində yaxından iştirak edəcək.

Ötən il, həmçinin “yaşıl enerji” ilə bağ­lı ilk Yaşıl Enerji Məşvərət Şurası keçiri­lib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Yaşıl Enerji Zonasının ya­radılması ilə bağlı tədbirlər reallaşdırılıb. Naxçıvandan Türkiyəyə elektrik enerjisi­nin ixracı istiqamətində də çox ciddi la­yihələrin icrasına başlanılıb. 

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

Azərbaycanın bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensi­yasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a evsahibliyi edəcəyi önəmli hadisədir. Miqyasına görə, heç də BMT-nin Baş Assamb­leyasından geri qalmayan bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun ən bariz göstəricilə­rindən biridir. Yeri gəlmişkən, respub­likamızın BMT-nin Təhlükəsizlik Şura­sına üzvlüyü, eyni zamanda ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi ilə paralel, bu, haqlı olaraq Azərbaycan diplomatiyasının ən böyük uğurların­dan bir kimi dəyərləndirilir. 

Qarabağ və Şərqi Zəngəzur iq­tisadi rayonlarında Yaşıl Enerji Zo­nasının yaradılması istiqamətində görülən işlərə də toxunmaq istərdim. Xatırladım ki, işğaldan azad olun­muş ərazilər Yaşıl Enerji Zonası elan edilib. Beynəlxalq məsləhətçi şirkətin cəlb olunması ilə həmin ərazilər üçün Yaşıl Enerji Zonası konsepsiyası ha­zırlanıb. Bununla bağlı Nazirlər Kabi­netinin xüsusi sərəncamı ilə Tədbirlər Planı təsdiqlənib və həmin plan tam şəkildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Bö­yük Qayıdışa dair I Dövlət Proqramı”­na daxil edilib. 

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda ictimai binaların günəş panelləri ilə təchiz olunması, yolla­rın və küçələrin işıqlandırılmasında bərpaolunan mənbələri əsaslı ava­danlıqlardan istifadə, bununla yanaşı dayanacaqlarda və digər “yaşıl enerji” konseptləri də nəzərdə tutulur. Qaz­laşmayan binalarda isə təbii ki, artıq istilik enerjisinin alınması üçün müəy­yən qurğuların quraşdırılması və isti suyun əldə olunması üçün müəyyən yanaşmaların tətbiqi də planlaşdırılır. 

“Yaşıl enerji” zonasının yaradılma­sı ilə bağlı 2022–2026-cı illəri əhatə edən tədbirlər təkcə bərpaolunan enerjinin inkişafı ilə məhdudlaşmır, enerji keçidinin bütün komponentləri üzrə fəaliyyəti də əhatə edir. Bu çər­çivədə azad olunan ərazilərdə ümumi gücü 636 KVt olan Arximed qurğu­su, 200-dən çox fərdi yaşayış evində günəş kollektoru, 170-dən çox evdə günəş paneli, ictimai və sosial bina­larda ümumi gücü 800 kVt-dan çox olan günəş enerjisi sistemləri, 2300-ə yaxın LED lampalarla təchiz olun­muş və günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri, “ağıllı” dayan­caqlar, elektrik doldurma məntəqələri quraşdırılıb. 

Əlbəttə, sadalanan layihələr da­vamlı xarakter daşıyır və bütün səylər də bu innovativ təcrübənin geniş tət­biqinə, Qarabağ və Şərqi Zəngəzu­run enerji səmərəliliyində nümunəvi bölgəyə çevirilnəsinə yönəldilir. Şübhəsiz ki, əsas məqsəd də dövlət baş­çısının vurğuladığı kimi, Qarabağ və Zəngəzurun dünyanın qibtə edəcəyi şəkildə qurulmasıdır.

Vaqif BAYRAMOV
XQ





Ekologiya