Uzun illərdir ki, dünyada kəskin su çatışmazlığı müşahidə olunur. Tədqiqatlar göstərir ki, qlobal iqlim dəyişikliklərinin yağıntıların paylanmasına mənfi təsiri, eləcə əhali artımı suya olan tələbatı getdikcə artırır. İlkin proqnozlara görə, su qıtlığı daha geniş miqyas alaraq XXI əsrin ortalarınadək davam edəcək. Beynəlxalq Təbii Resurslar İnstitutunun verdiyi proqnozlara əsasən isə, 2040-cı ilə qədər dünya ölkələrinin beşdə birində su çatışmazlığı problemi yaranacaq.
Adıçəkilən institutun hesabatında quraqlıq təhlükəsi ilə qarşılaşacaq ölkələr arasında, təəssüflər olsun ki, Azərbaycanın da adı var. Belə ki, siyahıda göstərilən 33 ölkə arasında ölkəmiz 18-ci yerdə qərarlaşıb. Məlumat üçün qeyd etmək istəyirəm ki, Azərbaycanın çay axımına əsaslanan su ehtiyatları orta hesabla 30,9 kubkilometrə bərabərdir ki, bunun da 20,3 kubkilometri qonşu ölkələrdən gələn (əsasən Kür və Araz çaylarının) tranzit axım hesabına, 10,6 kubkilometri isə ölkə daxilində formalaşır. Yeri gəlmişkən, ümumi su ehtiyatlarının üçdə iki hissəsi tranzit axımın payına düşdüyündən çirklənmə də, əsasən, bu çaylarda müşahidə olunur. Bu qədər su ehtiyatlarına malik olan ölkəmizin Beynəlxalq Təbii Resurslar İnstitutunun tərtib etdiyi siyahıda 18-ci yerdə qərarlaşması itkiyə sərf olunan suyun kəmiyyətinin kifayət qədər yüksəkliyi, selləmə suvama üsulunun geniş tətbiqi, eləcə də mövcud suvarma şəbəkəsinin 70–73 faizinin torpaq məcralı kanallardan ibarət olması ilə izah edilə bilər.
Bir məqamı da qeyd edim ki, adambaşına gündəlik içməli və məişətdə istifadə edilən su norması Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən 450 litr müəyyən edilib. Beynəlxalq normanı nəzərə alsaq, ölkəmizdə əhali il ərzində 1,6 milyard kubmetr içməli və məişətdə istifadə üçün su ilə təmin olunmalıdır. Azərbaycanda əhalinin su təminatı 32 il ərzində (1990–2021) orta hesabla 367 milyon kubmetr təşkil edib ki, bu da müəyyən olunmuş su normasından 4,4 dəfə azdır. Bu, həm də gün ərzində adambaşına 100 litr, yəni müəyyən edilmiş beynəlxalq normadan 4,5 dəfə az su istehlakı deməkdir.
Göründüyü kimi, keçid iqlim qurşağında yerləşən və su ehtiyatları ilə zəif təmin olunan Azərbaycan Respublikasında su çatışmazlığı özünü daha aydın hiss etdirir. Təbii və antropogen təsirlərlə su ehtiyatlarında baş verən dəyişikliklərin qiymətləndirilməsi son illər xüsusi aktuallığı ilə seçilir. Ölkəmizdə təbii su mənbələrindən götürülmüş və istehlak olunmuş su ehtiyatlarından istifadə iki dövr üçün təhlil edilib. Birinci mərhələni əhatə edən 1990–2000-ci ilədək olan dövrdə təbii mənbələrdən götürülən suyun azalması məlum olub. Yəni 2000-ci ilədək su ehtiyatlarından istifadə olunmasında azalma qeydə alınsa da, sonrakı illərdə bu sahədə artım baş verib. Bu da əkin sahələrinin çoxalması, əhalinin suya olan tələbatının artması, yeni sututumlu müəssisələrin yaradılması ilə bağlıdır. Belə ki, 1990–2000-ci illər keçid dövrü olduğu üçün su istehlaka az cəlb olunurdu. Ancaq 2000-ci ildən sonra yeni istehsal sahələrinin yaradılması ilə bağlı təbii mənbələrdən suyun götürülməsinə ehtiyac da artıb. Buna görə də 2000–2021-cı illəri əhatə edən ikinci dövr mənbələrdən götürülən suyun artması ilə səciyyələnir.
Mərhələlər üzrə götürülən su ilə yanaşı, onun istifadəsinin digər göstəricilərinin dinamikası da nəzərdən keçirilib. Müəyyən olunub ki, hər iki dövrdə təbii mənbələrdən götürülmüş suyun yalnız 70 faizi istehlak olunur, 30 faizi isə itkiyə gedir. İstehlak olunan suyun 69–70 faizi suvarma, 26 faizi istehsal, 4–5 faizi isə məişət ehtiyacları üçün sərf edilir. Yeri gəlmişkən, hazırda Azərbaycan su itkisinə görə MDB-də birinci yerdədir. Belə ki, bu göstərici Ermənistanda 20 faiz, Qazaxıstanda 13 faiz, Ukraynada 12 faiz, Rusiyada 10 faiz, Moldovada 7 faiz, Belarusda 5 faiz olduğu halda, Azərbaycanda 29-30 faiz təşkil edir.
Həm iqlim dəyişikliyi, həm də bilavasitə və dolayısı ilə (relyef, torpaq, biota vasitəsilə) təsir göstərən antropogen amillərlə əlaqədar mövcud su ehtiyatlarının kəmiyyət və keyfiyyətcə dəyişməsi, mənfi sosial-iqtisadi nəticələrin baş verməsi təhlükəsinin qarşısının alınması və ya minimuma endirilməsi məqsədilə onlara təsirin rasional yollarının tapılması və dəyişmə dərəcəsinin düzgün qiymətləndirilməsi son dərəcə vacibdir. Təcrübə göstərir ki, su təminatını yaxşılaşdırmaq təkcə bu əvəzsiz nemətdən istifadəni azaltmaq və ona qənaət etməkdən deyil, həm də su ehtiyatlarının idarəçiliyinin optimallaşdırılmasından ibarətdir.
İqlim dəyişikliklərinin mənfi təzahürü olan qlobal istiləşmənin, təbii ehtiyatların getdikcə tükənməsinin qarşısının alınması məqsədilə keçirilən tədbirlərin əsas istiqmətlərindən biri də su problemlərinin müzakirəsi ilə bağlıdır. Məlum olduğu kimi, hazırda bütün dünyada təbii ehtiyatların səmərəliliyinin azalması, onların getdikcə daha çox kimyəvləşməsi, süniləşməsi müşahidə olunur. Yer kürəsində istiləşmənin artması, atmosfer havasının çirklənməsi ilə yanaşı, əhalinin sayı da getdikcə çoxalır. Bu da öz növbəsində təbii ehtiyatlara tələbatın artmasına səbəb olur.
Su və torpaq ehtiyatlarının ölkəmiz üçün olduqca vacib olmasına baxmayaraq, bu sahədə problemlərimiz çoxdur. Çünki torpaq ehtiyatlarımızın çoxu şoranlaşmaya məruz qalır. Şoran torpaqların isə yenidən bərpası əlavə vəsait tələb edir. Özü də belə torpaqları əvvəlki vəziyyətinə qaytarmaq o qədər də səmərəli olmur. Günəş və külək enerjisi ilə yanaşı, su resurslarımızdan da səmərəli istifadə etməklə enerji istehsalına nail olmalıyıq. İşğaldan azad olunmuş ərazilərdə bunun üçün imkanlar daha çoxdur.
Bakıda keçiriləcək COP29-da digər problemlərlə yanaşı, qlobal su çatışmazlığı və onun aradan qaldırılması yolları müzakirə olunacaq. Təki orada qəbul ediləcək qərarlar ölkələr tərəfindən həyata keçirilsin.
Məhəmməd ABDUYEV,
ADPU-nun ümumi coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru