Azərbaycanın Mərkəzi Asiyada strateji müttəfiqi, dost Özbəkistanda bu ilin noyabr ayında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasına (COP29) maraq olduqca yüksəkdir. Bu ölkənin 100-ə yaxın qeyri-hökumət təşkilatı adından qəbul olunmuş bəyanat da bunu təsdiqləyir.
COP29 sədrliyinə səmimi dəstək ifadə edən sənəddə bildirilib ki, Tərəflər Konfransının 29-cu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasını əhatə edən bu tədbir, həmçinin maliyyə sahəsində ilk genişləndirilmiş şəffaflıq strukturunu və yeni kollektiv kəmiyyət hədəfi üzərində işi tamamlayacaq. Eyni zamanda, Elmi və Texnoloji Məsləhət üzrə Yardımçı Orqanın və Həyatakeçirmə üzrə Yardımçı Orqanın 61-ci sessiyaları keçiriləcək.
Qeyd olunub ki, Özbəkistan qlobal iqlim problemlərinə qarşı mübarizənin kritik əhəmiyyətini qəbul edən bir dövlət kimi 1993-cü ildən bu yana BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfidir və Paris Sazişinin iştirakçısıdır: “Biz COP29 və Azərbaycanın rəhbərliyi ilə beynəlxalq arenada iqlim fəaliyyətinin təşviqində nümayiş olunan liderliyi yüksək qiymətləndiririk. Artan əhali və şəhərləşmə proseslərinə baxmayaraq, Özbəkistan təbii ehtiyatlardan daha davamlı istifadəyə və qeyri-sabit istehlak və istehsal nümunələrinə son qoymağa çalışır. Ölkə iqlim dəyişmələrinin təsirlərinə qarşı xüsusilə həssasdır, buna görə sənaye, kənd təsərrüfatı və nəqliyyat sektorlarının karbonsızlaşdırılması və yeni reallıqlara uyğunlaşma Özbəkistan üçün həyati əhəmiyyət daşıyır”, – deyə bəyanat müəllifləri bildiriblər.
Özbəkistan vətəndaş cəmiyyətinin gələcək nəsillərə zərər vermədən mövcud ehtiyacların ödənilməsinin vacibliyini qəbul edərək iqtisadi artım və ətraf mühitin qorunması arasında tarazlığa nail olmaq üçün səylər göstərdiyini bildirən QHT nümayəndələri qeyd ediblər ki, iqlim dəyişmələrinin həlli çox vacibdir, təsirləri azaltmaq, həssas icmaları qorumaq və mühüm ekosistemləri mühafizə etmək üçün cəsarətli və qətiyyətli addımların vaxtı gəlmişdir.
Özbəkistan vətəndaş cəmiyyətinin COP29 sədrliyini və Azərbaycanın dialoq, əməkdaşlıq və innovasiyaların inkişafına sadiqliyini yüksək qiymətləndirdirdiyini vurğulayan bəyanatda daha sonra bildirilib: “Zəngin mədəni və təbii irsə malik olan Azərbaycan təkcə qiymətli ekoloji resursların mühafizəçisi kimi deyil, həm də ətraf mühitin və iqlim dəyişmələrinə qarşı tədbirlərin fəal müdafiəçisi kimi çıxış edir. Özbəkistan qarşıdan gələn COP29 danışıqları zamanı Azərbaycanın əhəmiyyətli konsensus nəticələrinə nail olacağına dair nikbinliyini ifadə edir. Özbəkistan vətəndaş cəmiyyəti iqlim fəaliyyətini sürətləndirmək və planetimiz üçün parlaq bir gələcək yaratmaq məqsədilə COP29-a sədrlik edən Azərbaycan ilə həmrəydir.
Biz iqlim dəyişmələri ilə mübarizədə həm insanların, həm də təbiətin inkişaf etdiyi bir dünya qurmaqda töhfə vermək fürsətimizi həvəslə gözləyirik”.