Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir

post-img

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir. İlk növbədə, şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri-yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb. Məlumatı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti verib.

Artıq paytaxtın Nəsimi, Yasamal və Nərimanov rayonlarında qışın qarlı havalarına hazırlıq tədbirlərinin müzakirəsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin,  rayon rəhbərliyi, kommunal-təsərrüfat, idarə və təşkilatlarının, təhsil müəssisələrinin və digər aidiyyəti qurumların rəhbərlərinin, həmçinin, özəl sektorun nümayəndələrinin iştiraki ilə operativ müşavirələr keçirilib. Müşavirələrdə sahə rəhbərlərinin hesabatı dinlənilib.

Qeyd olunub ki, rayonlardakı hər bir qurum qış aylarında üzərilərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə aradan qalırmağı bacarmalıdır və  yerlərdə kifayət qədər duz və lazımi invertar ehtiyatı yaradılmalıdır. Bildirilib ki, hər bir təşkilat mövsümə hazırlıq tədbirlərinin həyata keçirilməsində fəal iştirak etməli və yağıntılar zamanı bitişik ərazinin qardan və buzdan təmizlənməsi üçün müvafiq tədbirlər görməlidir. Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.

 

P.ƏMİRCANOV

XQ



Ekologiya