Dünən respublikanın müxtəlif bölgələrində güclü küləklə müşayiət olunan leysan yağışları dağıntılara səbəb olub, müvəqqəti çətinliklər törədib. Bölgələrdən aldığımız xəbərlərdə dağıntı və ziyanın aradan qaldırılması ilə bağlı opertiv tədbirlər görüldüyü bildirilir.
Mayın 31-də günün ikinci yarısında Göyçay rayonunda başlayan güclü küləklə müşayiət edilən leysan xarakterli yağış axşam saatlarında dayanıb. Güclü yağışdan sonra baş verən fəsadlar da aradan qaldırılır. Göyçay şəhərinin içməli su və qazın verilişi, naqillər bərpa edilib. Aşan elektrik dirəkləri dikəldilir, elektrik enerjisinin verilişi təmin olunur.
Şəhərin müxtəlif küçələrinə aşan iri gövdəli ağaclar kəsilərək ərazidən götürülüb. Qasırğa nəticəsində aşaraq Bakı–Şamaxı–Yevlax avtomobil yolunu kəsən çinar ağacı da yoldan kənarlaşdırılıb. Bununla da avtomobillərin hərəkəti hər iki istiqamətdə bərpa edilib.
Göyçayda güclü külək və qasırğa səbəbindən TƏBİB-in tabeliyindəki Göyçay Rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş iş rejiminə keçib. Baş verən təbiət hadisələri ilə bağlı 2 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
***
Şəmkir rayonunun Zəyəm qəsəbəsində isə bəzi ərazilər subasmaya məruz qalıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Şəmkir rayonunun Zəyəm qəsəbəsində bəzi ərazilərinin subasmaya məruz qalması barədə məlumat daxil olub. FHN-in Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.
Şəmkir rayonunun Zəyəm qəsəbəsində fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirləri görülür.
***
Dünən axşam saatlarında başlayan külək və yağış İsmayıllı rayonunda da fəsadlar törədib.
Sel suları nəticəsində, dağlardan qopan qaya parçaları və lil qatı İsmayıllı-Lahıc avtomobil yolunu tamam bağlayıb. Bundan əlavə, rayonun elektrik və qaz təchizatına zərər dəyib. Hazırda rayonun bir çox ərazilərində elektrik enerjisinin verilişi dayanıb. Fərdi evlərə, məktəblərə, taxil və bostan sahələrinə zərər dəyib.
Hazırda rayon fövqəladə hallar komissiyası tərəfindən ərazidə fəsadların aradan qaldırılması üçün işlər görülür.
Kəndlərdə taxıl, bostan sahələrinə, meyvə bağlarına, fərdi evlərə, rayonda yaşayış binalarına ciddi zərər dəyib. Hazırda rayona dəyən zərərlə bağlı araşdırma aparılır.
***
Mayın 31-də güclü külək Ağcabədi rayonunun yaşayış məntəqələrində bir sıra fəsadlar törədib.
Külək nəticəsində rayon ərazisində ağaclar aşıb, fərdi evlərə və yardımçı binalara, kənd təsərrüfatına ziyan dəyib, yaşayış məntəqələrinin bir çoxunda elektrik enerjisinin verilməsində fasilə yaranıb. Rayonun Hindarx qəsəbə sakini, 1963-cü il təvəllüdlü Mamedov Allahverən Qəzənfər oğlu küləyin aşırdığı tut ağacının altında qalaraq dünyasını dəyişib.
Hazırda küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. Artıq kəndlərin bəzilərində elektrik enerjisinin verilməsi bərpa olunub.
“Xalq qəzeti”