ABŞ qoşunlarının bir müddət əvvəl geri çəkildiyi Haseke əyalətindəki Kasrek hava bazası Suriya ordusunun nəzarəti altına keçib.
Məlumatı “Anadolu” verib.
Suriya Müdafiə Nazirliyi mətbuat xidmətinin SANA agentliyi tərəfindən dərc edilən açıqlamasına görə, beynəlxalq koalisiya qüvvələrinin geri çəkilməsinin ardından Suriya ordusu bölmələri Haseke ərazisindəki bir bazanı nəzarətə götürüb.
Yerli mənbələrin məlumatına görə, Amerika qüvvələrinin təxliyəsindən sonra YPG təşkilatı ilə əlaqəli elementlər bazadakı bəzi avadanlıqları yandırıblar.
Daha sonra Kasrek aviabazası tamamilə Suriya ordusunun nəzarəti altına keçib.
ABŞ ordusu hazırda Qamışlı və Hasekedə təhlükəsizlik ofislərində, eləcə də İstirahat əl-Vəzir bazasında fəaliyyət göstərir.
P.ƏMİRCANOV
XQ

