Artemis II missiyası uğurla tamamlanır

post-img

İnsanlığın yarım əsrdən sonra Aya dönüş proqramı real nəticə ilə yadda qalır. NASA-nın həyata keçirdiyi Artemis II missiyası çərçivəsində astronavtlar Ay ətrafında uçuşu uğurla başa vuraraq Yerə qayıdış mərhələsinə daxil olublar.

NASA-nın yaydığı rəsmi məlumata görə, ekipaj Ayın uzaq tərəfindən dövrə vurduqdan sonra artıq Yerə doğru hərəkət edir və 2026-cı il aprelin 10-da Sakit okeana eniş edəcək. Missiyada iştirak edən ekipaj – Reid Wiseman (komandir), Victor Glover (pilot), Christina Koch və Jeremy Hansen – Orion spacecraft ilə 10 gün davam edən uçuş həyata keçiriblər. Bu müddət ərzində kosmik gəmi Ayın cazibə sahəsinə daxil olub, onun uzaq tərəfi boyunca trayektoriya üzrə hərəkət edərək yenidən Yer istiqamətinə yönəlib.

Artemis II missiyasının əsas xüsusiyyəti ondan ibarətdir ki, astronavtlar Ay səthinə enməyiblər. Bu uçuş insanlı sistemlərin dərin kosmosda sınağı, ekipajın uzunmüddətli uçuş şəraitinə uyğunlaşması və gələcək enişlər üçün texniki hazırlıq məqsədi daşıyıb. Başqa sözlə, bu missiya Ay səthinə ilk addım deyil, o addımın etibarlı şəkildə atılması üçün zəruri mərhələdir.

NASA-nın məlumatına əsasən, Yerə dönüş zamanı kapsul yüksək sürətlə atmosferə daxil olacaq, qısamüddətli rabitə kəsilməsi baş verəcək və paraşüt sistemləri vasitəsilə təhlükəsiz eniş həyata keçiriləcək. Ekipaj daha sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə qaldırılacaq.

Beləliklə, artıq fakt ortadadır: insan Aya hələ enməsə də, Aya qayıdış prosesi başlayıb və real nəticə verib. Unutmayaq ki, Artemis II – tarixə, sadəcə, uçuş kimi yox, insanın kosmosda yeni mərhələyə keçidinin başlanğıcı kimi düşür.

XQ

Dünya