Xalqın qəlbində yaşayan pəhləvan

post-img

Bakının 8-ci mikrorayonundan keçən və Azadlıq prospektinə paralel olan küçə Əməkdar idman ustası, dəfələrlə SSRİ çempionu İbrahimpaşa Dadaşovun adını daşıyır. Bəlkə gənclər bilməz, amma məşhur pəhləvan yaşlı nəslin yaddaşında həmişəlik iz salanlardandır. Çünki İbrahimpaşa Dadaşov ötən əsrin 50-ci illərində yeniyetmə və gənclərin əsl kumiri olub.

…Evimizin yaxınlığında bir çəkməçi köşkü vardı. Hər səhər dərsə gedəndə orada ayaq saxlayır, pəhləvanın içəridə asılmış şəklinə baxırdım. Köhnə bir afişanın ağ-qara surəti idi. Bir dəfə çəkməçi İsa kişi məni saxlayıb soruşdu: “A bala, nə istəyirsən?” “Heç”, - deyib getmək istədim. “Dayan, - dedi. – Zəndlə baxdığın bu igid əfsanəvi güləşçi İbrahimpaşadır. Moskvadan belə çoxlarının kürəyini yerə vurub, qızıl medallar alıb. Sən də onun kimi güclü olmaq istəyirsənsə, get, güləşə yazıl”.

Sonralar Sumqayıtdakı alüminium zavodunun idman zalında, Əməkdar məşqçi Firdovsi Ömərovun sərbəst güləş bölməsinə yazılıb məşqlərə başladım. Onun da otağında İbrahimpaşanın trikolu şəkli vardı. Amma mən ona bənzəyə bilmədim. Çünki jurnalistikaya həvəsim daha güclü olduğuna görə güləşi çox tez tərk etdim və pəhləvan olmadım…

Bir-iki gün əvvəl internetdə XX əsrin əfsanəvi pəhləvanının 100 yaşının tamam olması barədə xəbərə rast gələndə uşaqlıq yaddaşımdan bu xatirələr boy göstərdi. İsa kişinin çəkməçi köşkündəki afişada gördüyüm həmin şəklin digər bir variantını da axtarıb tapdım.

Düz 100 il əvvəl – 1926-cı il aprelin 10-da Bakıda dünyaya göz açan İbrahimpaşa Dadaşov erkən yaşlarından pəhləvanlığa həvəs göstərib. Amma uşaqlığı müharibə dövrünə düşdüyü üçün güləşə bir qədər gec gəlib. 20 yaşında ikən “Dinamo” idman cəmiyyətinə üz tutub. O vaxtın tanınmış məşqçisi David Maxaradze onu sınayıcı nəzərlərlə süzərək, “yaşın ötüb” desə də, geri qaytarmayıb. İbrahimpaşa da, öz növbəsində, güləş fəndlərini ağlasığmaz sürətlə öyrənərək, məşqdən-məşqə, yarışdan-yarışa bərkiməyə başlayıb. Tezliklə yarımyüngül çəki dərəcəsində Azərbaycan çempionu adını qazanan gənc pəhləvan az sonra daha mötəbər turnirdə - “Dinamo”nun mərkəzi şurasının birinciliyində qalib gəlib. Həmin yarışı güləşçilər həm də SSRİ-nin kiçik çempionatı adlandırırdılar.

SSRİ birinciliklərinə gəlincə isə, İbrahimpaşa 1949-1956-ci illərdə 4 dəfə həmin yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə ucalıb. Dediyinə görə, ilk dəfə daha çox həyəcan keçirib. Axı, həmin çempionat Bakıda keçirilirdi, “doğma divarlar” arasında uduzsaydı, ruhdan düşə bilərdi. Yaxşı ki, xalça üzərinə çıxanda həyəcanını gizlədə bilib. O, əvvəlcə ermənistanlı Xoren Çeviçyanı, daha sonra gürcüstanlı Andrey Çelidzeni və nəhayət, rusiyalı Yuri Denikovu məğlub etməklə qızıl medala yiyələnib. Növbəti çempionatlarda da tale əzmkarlığı ilə seçilən Dadaşovun üzünə gülüb. Dostları, eləcə də rəqibləri ona böyük ehtiramla “Paşa pəhləvan” deyə müraciət etməyə başlayıblar.

“Köhnə qvardiya” yaxşı bilir ki, o zamanlar hər hansı bir azərbaycanlı idmançı üçün ümumittifaq yarışlarda qalib gəlmək, bəlkə də, Avropa və dünya sınaqlarından daha çətin idi. Çünki güclü ayrı-seçkilik vardı və qeyri-slavyan millətlərin təmsilçilərinin irəli çıxmasına süni maneələr yaradılırdı. Görün, İbrahimpaşa necə əzmkar və qətiyyətli güləşçi olub ki, “obyektiv” hakimlər də onun qarşısına sədd çəkə bilməyiblər.

Son anadək mübarizə aparan, həlledici fənd üçün ən əlverişli məqamı tuta bilən, ağır vəziyyətlərdən məharətlə sivişib çıxan həmyerlimizin güləş üslubunu yeni məktəb sayanlar da vardı. Təsadüfi deyil ki, Paşa pəhləvan 1952-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə keçirilən Yay Olimpiya Oyunlarına da vəsiqə qazana bilib və ilk 7-liyə düşüb.

Gənc həmkarım Mərahim Nəsib yazır ki, düz 70 il əvvəl Moskvada SSRİ Xalqlarının 1-ci Spartakiadası Paşa pəhləvan üçün vida turniri olub. Orada da bütün rəqiblərinin kürəyini yerə vuraraq çempionluq tituluna yiyələnib. Özü də həmin yarışda soydaşımız güclü gürcüstanlı rəqibi Sergey Qavarayevə, rusiyalı dünya çempionu Olembek Bestayevə və dünya kubokunun sahibi, ukraynalı Vladimir Simyarskiyə qalib gəlib. Onu da deyək ki, özünün son mövsümündə iştirak etdiyi yarışlarda İbrahimpaşa digər dünya çempionları – Canahbaxış Tövfiqi (İran) və Qriqor Qamarniki (Rusiya) də məğlubiyyətə uğradıb.

İbrahimpaşa Dadaşov parlaq idman nailiyyətlərinə görə SSRİ-nin Əməkdar idman ustasısı və Əməkdar məşqçisi fəxri adlarına layiq görülüb. Bir çox məşhur güləşçi onun yetirməsi olub. Məsələn, dünya və Avropa çempionu, 1964-cü ildə Tokioda keçirilən olimpiadanın bürünc mükafatçısı Aydın İbrahimovu da o yetişdirib.

Ə.NƏCƏFXANLI
XQ

Sosial həyat