Yer kürəsi necə yaranıb?

post-img

Planetimizin alimlərin düşündüyündən daha sadə şəkildə formalaşdığı müəyyən edilib. Araşdırmalara görə, Yer demək olar ki, tamamilə Günəş sisteminin yerli maddəsindən yaranıb və uzaq aləmlərin bu prosesə ciddi töhfəsi olmayıb. Bu nəticə planetlərin necə yarandığına dair mövcud təsəvvürləri yenidən nəzərdən keçirməyə səbəb olub.

İndiyədək hesab edilirdi ki, Yer mürəkkəb kosmik birləşmə nəticəsində formalaşıb. Planetimizə düşən meteoritlər iki əsas qrupa bölünür: bir qismi Günəşə yaxın, digərləri isə Günəş sisteminin kənar hissələrində yaranıb. Yerin kimyəvi tərkibi bu iki qrup arasında aralıq mövqe tutduğuna görə alimlər düşünürdülər ki, planet formalaşarkən xarici bölgələrdən də xeyli maddə alıb. Bu maddələrlə birlikdə su və uçucu elementlərin də Yerə gəldiyi ehtimal edilirdi. Bəzi modellərdə bu pay onlarla faiz hesablanırdı və Yerin yaranma prosesi daha çox miqrasiya və xaotik birləşmə kimi izah olunurdu.

İsveçrənin Sürix Ali Texniki Məktəbinin əməkdaşı Paolo A. Sossinin rəhbərlik etdiyi tədqiqat qrupu daha geniş yanaşma tətbiq edib. Onlar bir neçə göstərici ilə kifayətlənmək əvəzinə, planetlər yaranmazdan əvvəl formalaşmış maddənin “izləri” sayılan 10 müxtəlif izotop sistemini müqayisə ediblər. İzotop fərqləri maddənin protoplanetar diskdə hansı bölgədən gəldiyini müəyyən etməyə imkan verir.

Tədqiqatçılar əvvəlcə əsas komponentlər analizi ilə məlumatları sadələşdiriblər, sonra isə nəticələri Bayes statistik üsulu ilə dəqiqləşdiriblər. Bu yanaşma əvvəlcədən məlum olan məlumatları nəzərə alaraq ehtimalları daha dəqiq qiymətləndirməyə kömək edir. Beləliklə, ölçmə xətaları da nəzərə alınıb və erkən Günəş sistemində maddənin paylanması daha aydın görünüb.

Nəticələr göstərib ki, Yer Günəş sisteminin daxili hissəsində formalaşmış cisimlər - məsələn, Mars və bəzi meteorit növləri üçün xarakterik olan xətti uyğunluğa tam uyğundur. Bu uyğunluq isə xarici bölgələrdən gələn materialla kəsişmir.

Başqa sözlə, Yerin kimyəvi tərkibini Günəş sisteminin kənarından maddə gətirmədən də izah etmək mümkündür. Hesablamalar göstərir ki, xarici maddənin payı çox azdır - bir neçə faizdən də aşağı, bəzi hallarda isə onda bir faizdən azdır. Bu göstərici əvvəlki qiymətləndirmələrdən xeyli kiçikdir.

“Nature Astronomy” jurnalında dərc olunan nəticələr, həmçinin göstərir ki, Yer eyni tərkibli maddədən formalaşıb. Bu, ya planetin milyonlarla il ərzində demək olar dəyişməyən material topladığını, ya da ilkin fərqlərin sonradan nüvə və mantiyanın formalaşması zamanı aradan qalxdığını göstərir. Hər iki halda, Yerin yaranma prosesi əvvəl düşünüldüyündən daha nizamlı olub.

Alimlər modeldən istifadə edərək digər planetlərin tərkibini də proqnozlaşdırıblar. Onların hesablamalarına görə, Venera və Merkuri erkən protoplanetar diskdə maddənin paylanmasını daha kəskin əks etdirən izotop xüsusiyyətlərinə malik olmalıdır. Bu nəticələri gələcək kosmik missiyalar, - həmin planetlərdən nümunələr gətirəcək layihələr, - yoxlaya bilər.

Beləliklə, yeni araşdırma planetlərin yaranması ilə bağlı yanaşmanı dəyişir. Maddənin bütün Günəş sistemi boyunca birləşməsi əvəzinə, Yer, ehtimal ki, orbitinin yaxınlığında olan materialdan lokal şəkildə formalaşıb. Bu kəşf planetlərin yaranma modellərini sadələşdirir və suyun mənşəyi ilə Yer kürəsində həyat üçün uyğun şəraitin necə yarandığına dair sualları yenidən gündəmə gətirir.

S.ELAY
XQ

Dünya