İlon Mask bazar günü bəyan edib ki, “SpaceX” şirkətinin səyləri Ayda “özünü təmin edəcək şəhər” qurmağa yönəlib və buna 10 ildən az müddətdə nail olmaq mümkündür.
AZƏRTAC xəbər verir ki, “SpaceX” hələ də Maskın uzun müddətdir ki, Marsda şəhər yaratmaq arzusunu beş-yeddi il ərzində gerçəkləşdirməyə başlamaq niyyətindədir. O, sosial media səhifəsində yazıb: “Lakin ilk prioritet sivilizasiyanın gələcəyini təmin etməkdir və Ay missiyası daha asan bir yoldur”.
Maskın şərhləri cümə günü “Wall Street Journal” qəzetinin yaydığı məlumatı təkrarlayır. “Reuters” xəbər verir ki, Mask “SpaceX”in investorlara Aya səyahətə üstünlük verəcəyini və daha sonra onları Mars missiyasına cəhd edəcəyini, 2027-ci ilin mart ayında Aya pilotsuz eniş planlaşdıracağını bildirib.
Keçən il Mask 2026-cı ilin sonuna qədər Marsa pilotsuz kosmik gəmi göndərməyi planlaşdırdığını bildirmişdi.
ABŞ bu onillikdə insanları Aya qaytarmaq yarışında Çinin sərt rəqabəti ilə üzləşir. 1972-ci ildə “Apollon 17” missiyasından bəri Ayın səthinə pilotlu uçuş həyata keçirilməyib.
Bazar ertəsi günü Mask bir istifadəçinin “X” sosial şəbəkəsindəki şərhinə cavab olaraq bildirib ki, NASA-nın vəsaiti bu il “SpaceX”in gəlirinin 5%-dən az hissəsini təşkil edəcək. Şirkət NASA-nın “Artemida” Ay proqramı üçün əsas podratçıdır və “Starship” vasitəsilə astronavtları Yerin təbii peykinin səthinə endirmək üçün 4 milyard dollarlıq müqaviləyə malikdir.
O əlavə edib: “SpaceX”in gəlirinin mütləq əksəriyyəti “Starlink” kommersiya sistemindən gəlir”.

