Liviyada neft uğrunda savaş səngimir

post-img

Dünən Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın qeyri-müəyyən şəraitdə, 4 nəfər naməlum şəxs tərəfindən Zintan şəhəri yaxınlığında öldürüldüyü barədə məlumatlar yayıldı. Xəbər dünyanın ən nüfuzlu nəşrləri, o cümlədən “Euronews” tərəfindən də təsdiq edildi.

Əslində, Liviyada 2011-ci il “Ərəb baharı” dövründən başlanmış inqilabi hadisələr xeyli müddət idi ki, nisbətən sakitləşmişdi və ölkədə vəziyyətin sabitləşməsi təəssüratı yaranırdı. Amma Seyf əl-İslam Qəddafinin qəfildən öldürülməsi məsələsi təkcə Liviyada deyil, ümumiyyətlə, regionda gərginliklərin hələ də davam etdiyini göstərir.

Hazırda siyasi təhlilçilər Seyf əl-İslamın qətlini ölkədaxili siyasi proseslərlə yanaşı, beynəlxalq münasibətlər sistemi və enerji təhlükəsizliyi baxımından da mühüm nəticələr doğura biləcək hadisə kimi qiymətləndirirlər. Bu hadisə Liviyanın uzun müddətdən bəri davam edən institusional zəifliyini və xarici aktorların maraqlarının toqquşduğu geosiyasi məkan olaraq qaldığını bir daha nümayiş etdirir.

Liviya Afrikanın ən iri neft ehtiyatlarına malik ölkələrindən biridir və coğrafi yaxınlığı səbəbindən Avropa üçün potensial enerji mənbəyi hesab olunur. Son illərdə qlobal enerji bazarlarında yaranmış qeyri-müəyyənlik fonunda Liviyanın rolu nəzəri olaraq artsa da, davamlı siyasi qeyri-sabitlik bu potensialın reallaşmasına imkan vermir. Seyf əl-İslam Qəddafinin mümkün siyasi aktivliyi bəzi dairələrdə mərkəzləşmiş hakimiyyətin və enerji infrastrukturuna vahid nəzarətin bərpası ehtimalı kimi dəyərləndirilirdi. Onun öldürülməsi bu ssenarini faktiki olaraq gündəmdən çıxarır.

Beynəlxalq aktorlar üçün Liviyada əsas prioritet enerji tədarükünün davamlılığı və Aralıq dənizi regionunda təhlükəsizliyin qorunmasıdır. Bu kontekstdə siyasi legitimlik, hüquqi mexanizmlər və insan hüquqları məsələləri tez-tez təhlükəsizlik və enerji maraqları ilə balanslaşdırılır. Hadisəyə beynəlxalq reaksiyaların məhdud və ehtiyatlı xarakter daşıması bu yanaşmanın davam etdiyini göstərir.

Rusiya, Türkiyə və bəzi digər region ölkələri Liviyanı strateji təsir zonası kimi nəzərdən keçirir. Bu aktorların hər biri ölkədəki siyasi və hərbi proseslərə müxtəlif alətlər vasitəsilə təsir göstərməyə çalışır. Qəddafi ailəsinin siyasi irsi bəzi xarici güclər üçün potensial təsir mexanizmi kimi qəbul edilsə də, onun aradan çıxması mövcud balansın qorunmasına xidmət edir və yeni qeyri-müəyyənliklər yaradır.

Bütün bunlarla yanaşı, birmənalı demək olar ki, enerji infrastrukturu Liviyada daxili siyasi mübarizənin əsas alətlərindən biri olaraq qalır. Neft yataqları, terminallar və ixrac marşrutları üzərində nəzarət silahlı qruplar üçün həm iqtisadi resurs, həm də siyasi təzyiq vasitəsi funksiyasını daşıyır. Seyf əl-İslam Qəddafinin qətlindən sonra bu obyektlərin təhlükəsizliyi ilə bağlı risklərin artması və istehsalın fasilələrlə üzləşməsi ehtimalı yüksəlir ki, bu da qlobal enerji bazarlarında əlavə qeyri-sabitlik yarada bilər.

Orta və uzunmüddətli perspektivdə baş verən hadisə Liviyanın mərkəzləşmiş dövlət modelinə keçid imkanlarını zəiflədir və ölkənin uzun müddət qeyri-sabit enerji mənbəyi olaraq qalacağını göstərir. Bu vəziyyət həm Avropa, həm də region üçün enerji təhlükəsizliyi baxımından davamlı risklər yaradır. Nəticə etibarilə, Seyf əl-İslam Qəddafinin qətli Liviyada daxili siyasi proseslərin beynəlxalq enerji və təhlükəsizlik maraqları ilə sıx şəkildə əlaqəli olduğunu bir daha ortaya qoyur.

Paşa ƏMİRCANOV
XQ

Dünya