Goranboy şəhərinin ölkəmizdə 2026-cı ilin “Gənclər paytaxtı” statusunun gerçəkləşməsinə təntənəli surətdə start verildi. Gənclər və İdman Nazirliyinin rayon icra hakimiyyəti və birgə təşkil etdiyi açılış mərasimində Goranboy ölkənin gənclər paytaxtı missiyasının rəmzi açarını qəbul etdi.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, gənclər və idman naziri Fərid Qayıbov, Naxçıvan MR gənclər və idman naziri vəzifəsini icra edən Mirməcid Seyidov, 2025-ci ilin “Gənclər paytaxtı” olmuş Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Milli Məclisin deputatı Müşfiq Cəfərov, YAP Gənclər Birliyinin nümayəndəsi Emil Aslanlının iştirakı ilə şəhər 1 saylı tam orta məktəbdə keçirilən açılış mərasimində çıxış edənlər Azərbaycanda həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət gənclər siyasətindən geniş bəhs etdilər, respublikamızın hərtərəfli inkişaf etmiş bölgələrindən olan Goranboyun bu il gənclər paytaxtı estafetini uğurla etdirəcəyinə əminlik ifadə etdilər.
Bildirildi ki, gənclər bu gün ölkənin əsas strateji gücü, sabahın liderləri və dövlətçiliyin etibarlı dayaqlarıdır. Bu baxımdan, “Gənclər paytaxtı” layihəsi regionlarda gənclərin potensialının üzə çıxarılması, onların sosial, mədəni və ictimai fəallığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Goranboyun 2026-cı il üçün “Gənclər paytaxtı” seçilməsi uzunmüddətli, ardıcıl və sistemli işin nəticəsidir.
Natiqlər qeyd etdilər ki, son illər rayonda gənclərlə iş sahəsində aparılan islahatlar, müasir yanaşmalar, yeni layihə və təşəbbüslər bu qərarın verilməsində əsas rol oynayıb. Bu uğurların mərkəzində isə Goranboyda gənclər siyasətinin real nəticələrə yönəlməsi dayanır. Rayon gənclərinin məşğulluğunun artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi, təhsil və özünüinkişaf imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Yeni nəslin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılıb.
Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov bu rəmzi açarı 2025-ci ilin “Gənclər paytaxtı” olmuş Sumqayıt şəhərinin təmsilçisindən qəbul edərək Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə təqdim etdi. Nazir rayon ictimaiyyətini Goranboyun bu şərəfə layiq görülməsi münasibətilə təbrik etdi, onlara bu missiyanın həyata keçirilməsində uğurlar arzuladı.
Sonra rayonda və ölkə miqyasında fərqlənən, bilik və bacarıqları ilə seçilən istedadlı və yaradıcı gənclər mükafatlandırıldı, onların uğurlarının gənclərə nümunə olduğu qeyd edildi. 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş etdirildi, Goranboyun “Gənclər paytaxtı” loqosu və xüsusi hazırlanmış maskotu ictimaiyyətə təqdim olundu.
Mərasim Heydər Əliyev parkında təşkil edilən GəncFest şənliyi ilə davam etdi.
Xatırladaq ki, “Gənclər paytaxtı” layihəsi ölkəmizdə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 2012-ci ildən həyata keçirilir. Layihənin əsas məqsədi region gənclərinin ictimai fəallığını artırmaq, onların qərar qəbuletmə proseslərində iştirak imkanlarını genişləndirmək, yerli gənclər siyasətinin gücləndirilməsinə və dövlət-gənclər əməkdaşlığının inkişafına töhfə verməkdir. Layihə çərçivəsində ilboyu forumlar, gənclər festivalları, təlimlər, könüllülük proqramları və innovativ təşəbbüslər həyata keçirilir.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri


