Tokio Moskva ilə dialoqun tərəfdarıdır

post-img

Yaponiya hökuməti yığılıb qalmış problemlərin həlli üçün Rusiya ilə dialoqun bərpasını dəstəkləyir. Bu barədə Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Minoru Kihara bildirib. Xəbəri TASS yayıb. 

“Yaponiya-Rusiya münasibətləri hazırda çətin vəziyyətdədir, - deyə o bildirib. - Lakin iki ölkənin həll edilməli olan bir çox məsələləri var, o cümlədən əcdadların məzarlarını ziyarət etmək və balıqçılıq təsərrüfatları. Buna uyğun olaraq Rusiya tərəfi ilə fikir mübadiləsi aparmaq lazımdır”.

Nazirlər Kabinetinin baş katibi həm də Yaponiyanın Baş naziri Sanae Takaiçinin 2025-ci ilin sonlarında Moskvaya səfər etmiş hakim Liberal Demokrat Partiyasından olan parlament üzvü Muneo Suzuki ilə görüşdüyünü təsdiqləyib: “Biz bu səfərlə bağlı şərh vermirik. Bu, parlament üzvünün şəxsi səfəridir”.

O, həmçinin Suzukinin Baş nazir Takaiçi ilə söhbəti ilə bağlı şərh verməkdən çəkinib. Görüşdən sonra millət vəkili özü bildirib ki, baş nazir söhbət zamanı Rusiya ilə münasibətlərin vacibliyini vurğulayıb. 

“Kyodo” xəbər agentliyinin məlumatına görə, 2022-ci ildən bəri Tokio Rusiyaya qarşı bir neçə sanksiya tətbiq edib və bu da ikitərəfli iqtisadi münasibətlərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Buna cavab olaraq Rusiya Yaponiya ilə sülh müqaviləsi üzrə məsləhətləşmələri dayandırıb. Moskva həmçinin cənubi Kuril adalarında birgə iqtisadi fəaliyyətlərin qurulması ilə bağlı danışıqlardan çıxıb və keçmiş yapon sakinlərinin oraya səyahəti dayandırılıb.

P.ƏMİRCANOV
XQ

Dünya