Pakistan Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürür

post-img

Pakistan hökuməti iyunun 20-də ABŞ Prezidenti Donald Trampın 2026-cı il üçün Nobel Sülh Mükafatına namizədliyini rəsmən tövsiyə edib. Məlumatı “İzvestiya.ru” verib. 

“Pakistan hökuməti rəsmi olaraq Prezident Donald Trampı 2026-cı il Nobel Sülh Mükafatına tövsiyə etmək qərarına gəlib”, – hökumətin X sosial media platformasındakı bəyanatında deyilir.

Qeyd olunur ki, müvafiq təşəbbüs Hindistan və Pakistan arasında son vaxtlar münaqişənin həllinə Trampın “qətiyyətli diplomatik müdaxiləsi”nin tanınmasına işarədir.

Hökumət vurğulayıb ki, Ağ Ev rəhbərinin hərəkətləri sayəsində atəşkəs təmin edilib və iki nüvə dövləti arasında milyonlarla insan üçün “fəlakətli nəticələrə” səbəb ola biləcək münaqişənin alovlanmasına yol verilməyib.

“Prezident Trampın 2025-ci ildə Pakistan-Hindistan böhranı zamanı rəhbərliyi onun praqmatik diplomatiya və effektiv sülh quruculuğu irsinin davamını açıq şəkildə nümayiş etdirir”, - nəşr yazır.

Britaniyalı siyasətçi lord Maykl Eşkroft Trampın Nobel Sülh Mükafatını qazanmaq arzusunu 2024-cü ilin noyabrında açıqlayıb.Daha sonra, yanvarın 21-də Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, bütün mövcud münaqişələrə son qoymaq vədinə əməl edə bilsə, Trampın Nobel Sülh Mükafatına namizədliyini o da  dəstəkləyəcək.

P.ƏMİRCANOV
XQ

Dünya