Romada Türkiyə-İtaliya Biznes Forumu keçirilib

post-img

İtaliyanın paytaxtı Romada Türkiyə-İtaliya Biznes Forumu keçirilib. Tədbir iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişafına kömək etmək məqsədi ilə təşkil edilib. Məlumatı “Anadolu” verib. 

Forumda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İtaliyanın baş naziri Giorgia Meloni iştirak ediblər. Görüş zamanı bərpa olunan enerji mənbələri və “dairəvi iqtisadiyyat” sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Forumda Türkiyənin Ticarət naziri Ömər Bolat, Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır, İtaliya Respublikasının Müəssisələr və “Made in Italy” naziri Adolfo Urso, Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) sədri Nail Olpak, Türkiyə-İtaliya İşçi Şurasının sədri Lalə Candər,  İtaliya İnvestisiya Agentliyinin rəhbəri (ITA) Matteo Zoppas, eləcə də hər iki ölkədən 400-dən çox sahibkar iştirak ediblər.

Forum çərçivəsində infrastruktur, yüksək texnologiyalı istehsal, müdafiə sənayesi və rəqəmsal texnologiyalar da daxil olmaqla bir sıra mövzularda panel müzakirələri və dəyirmi masalar keçirilib.

P.ƏMİRCANOV
XQ

Dünya