Ötən il NATO ölkələri əvvəlki illə müqayisədə müdafiə xərclərini 10,43 faiz artırıb. Bunlardan 23 ölkə ümumi daxili məhsulunun (ÜDM) 2 faizini müdafiəyə xərcləmək məqsədini yerinə yetirib. Məlumatı “Anadolu” verib.
NATO-nun baş katibi Mark Ruttenin 2024-cü il üzrə illik hesabatında deyilir ki, alyans “daha təhlükəli və gözlənilməz qlobal təhlükəsizlik mühitinə tez uyğunlaşmalıdır”.
“Çevik və Yenilikçi alyans” başlıqlı hesabatda NATO-nun “Ukraynada davam edən müharibə, Çin, Şimali Koreya, İran və Rusiyadan artan təhdidlər və texnoloji müharibə” qarşısında çəkindirmə, müdafiə və dayanıqlığa diqqət yetirdiyi bildirilir.
Rutte qeyd edib ki, 2024-cü il NATO üçün “dərin transformasiya ili” olub: “2024-cü ildə NATO soyuq müharibədən sonra qəbul edilmiş ən əhatəli və iddialı yeni müdafiə planına əsaslanaraq kollektiv çəkindirmə və müdafiəni gücləndirməyə davam etdi”.
O bildirib ki, 2024-cü il üçün ən mühüm mərhələlərdən biri NATO-nun yeni regional müdafiə planlarının tam aktivləşdirilməsi və 500 000 döyüşə hazır qoşunun bütün sahələrdə: quruda, dənizdə, havada, kiberməkanda və kosmosda yerləşdirilməsidir.
P.ƏMİRCANOV
XQ