Andriy Yermak ABŞ nümayəndələri ilə görüşmək üçün Parisə gəlib

post-img

Ukraynanın prezident ofisinin rəhbəri Andriy Yermak, müdafiə naziri Rustem Umerov və xarici işlər naziri Andriy Sibiqa ABŞ nümayəndə heyəti ilə görüşmək üçün Fransaya səfər edib.

AZƏRTAC xəbər verir ki, Andriy Yermak bu barədə özünün sosial media hesabında yazıb.

“Hazırda Fransada olan ABŞ nümayəndələri ilə görüşümüz planlaşdırılır”, - deyə prezident ofisinin rəhbəri bildirib.

Andriy Yermak, həmçinin Parisdə Fransa, Almaniya və Böyük Britaniya nümayəndələri ilə görüşəcəklərini vurğulayıb.

Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, Avropa ölkələrinin nümayəndələri ilə görüşlər zamanı Ukraynada atəşkəs rejimi, “çoxmillətli hərbi kontingentin” ölkəyə cəlb olunması və Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi məsələləri müzakirə olunacaq. ABŞ tərəfi ilə təmaslar zamanı isə konkret hansı məsələlərdən söhbət gedəcəyi açıqlanmır.

Qeyd edək ki, bir müddət öncə, rəsmi Vaşinqton ABŞ Dövlət katibi Marko Rubionun və Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoffun Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı avropalı siyasətçilərdə danışıqlar aparmaq üçün aprelin 17-18-də Parisdə səfərdə olacaqları barədə məlumat vermişdi.

Dünya