Osmanlı İmperiyasının dağılmasından sonra Türkiyə ilə həmsərhəd olan bütün ölkələrdə türk azlıqları var idi və bu icmalar heç vaxt separatçı hərəkatlarda iştirak etməmiş və qurucu rol oynamışlar.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan İraqın UTV telekanalına müsahibəsində bildirib. Xəbəri XQ “kaliber.az”-a istinadən yayıb.
Fidan deyib: “Ona görə də biz inanırıq ki, türkmənlərə İraqın hörmətli vətəndaşları kimi layiq olduqları bütün hüquqların təmin edilməsi böyük əhəmiyyət kəsb edir”.
Nazir qeyd edib ki, türkmənlərin tarixi səbəblərə görə demoqrafik mənada sıxışdırılması, siyasi problemlər üzündən yaşadıqları yerlərdə zəifləmələri “türkmənlərə deyil, Türkiyəyə yönəlmiş bir strukturdur”.
“Amma biz həmişə deyirik: Bax, bu cür kiçik oyunlarla, oradakı nisbətən kiçik bir toplum üzərində üstünlük əldə etmək üçün addımlar atmaqla qalib gələ bilməyəcəksiniz, əksinə, Türkiyənin daha böyük qəzəbinə düçar olacaqsınız. Əvəzində, mövcud türkmən əhalisindən Türkiyə ilə əlaqələri gücləndirmək üçün istifadə edə bilərsiniz”, - Türkiyənin xarici işlər naziri bildirib.
Türkmənlərin İraqda heç vaxt separatizm, terror və cinayət mənbəyi olmadığını vurğulayan Fidan bəzi qrupların türkmənlərə qarşı fərqli yanaşmasının qəbuledilməz olduğunu və bununla bağlı narahatlıqlarını müvafiq qurumların diqqətinə çatdırmalı və intensiv müzakirələr aparmalı olduqlarını bildirib.
P.ƏMİRCANOV
XQ