Tramp: Ticarət kəsirini aradan qaldırmağın yeganə yolu tariflərdir

post-img

ABŞ-ın digər ölkələrlə ticarət dövrüyyəsində kəsiri aradan qaldırmağın yeganə yolu tariflərdən keçir. ABŞ prezidenti Donald Tramp bu barədə aprelin 7-də özünün Truth Social sosial şəbəkəsində məlumat verib. Xəbəri “İzvestiya.ru” yayıb. 

“Çin, Avropa İttifaqı və bir çox başqa ölkələrlə böyük maliyyə kəsirimiz var. Bu problemi həll etməyin yeganə yolu tariflərdir ki, bu da hazırda ABŞ-a on milyardlarla dollar gəlir gətirir”.

Amerika liderinin sözlərinə görə, tariflər artıq qüvvədədir və bu, “gözəl mənzərədir”.

Tramp ABŞ-ın əvvəlki prezidenti Co Baydeni prezidentliyi dövründə artan ticarət kəsirinə görə tənqid edib. “Bir gün insanlar Amerika Birləşmiş Ştatları üçün tariflərin çox yaxşı bir şey olduğunu başa düşəcəklər!” – Tramp deyib.

Aprelin 2-də Tramp genişmiqyaslı tədbirlər elan edərək, ABŞ-a tədarük edilən bütün məhsullara 10%-lik əsas tariflər tətbiq edib. Aİ üçün bu rəqəm 20%-ə, Çin üçün isə 34%-ə qədər artırılıb. Prezident çıxışında 2 apreli amerikalıların yenidən varlanacağı gün adlandırıb.

P.ƏMİRCANOV

XQ

Dünya