Moskva metrosunda terror aktları hazırlayan şəxs öldürülüb

post-img

Bu gün Moskva metrosuna və yəhudi dini qurumuna hücum cəhdi olub. Bu barədə bu dəqiqələrdə RF Federal Təhlükəsizlik Xidmətinin İctimai Əlaqələr Mərkəzi məlumat yayıb. Atışma zamanı terror aktını hazırlayan beynəlxalq terrorçu öldürülüb.

“İnterfaks.ru” FTX-yə istinadən bildirib: “Terrorçu Moskva vilayətində yəhudilərin dini müəssisəsində və Moskva metrosunu stansiyalarından birində əldəqayırma partlayıcı qurğuları işə salmaq niyyətində olub”.

Kəşfiyyat xidmətinin məlumatına görə, hücumlardan sonra o, Əfqanıstana gedib terrorçulara qoşulmağı planlaşdırıb: “Cinayətkar saxlanılarkən Rusiya FTX əməkdaşlarına silahlı müqavimət göstərib və nəticədə cavab atəşi ilə zərərsizləşdirilib”.

Qətlə yetirilən şəxsin yaşayış yeri üzrə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silahlar, onun komponentləri, kimyəvi maddələr və partlayıcı qurğuların yığılması üçün vurucu elementlər aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb. Ölən şəxs Rusiya vətəndaşı olub, Orta Asiya ölkələrindən birində doğulub.

P.ƏMİRCANOV
XQ

Dünya