Rusiya XİN: Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə viza rejimi tətbiq etmək Moskvanın uzunmüddətli maraqlarına ziddir

post-img

Rusiya Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə viza rejiminin tətbiqini dəstəkləmir, çünki bu, Moskvanın uzunmüddətli maraqlarına uyğun gəlmir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov RF Dövlət Dumasında keçirilən parlament saatındakı çıxışı zamanı deyib.

Rusiyanın xarici işlər naziri vurğulayıb ki, Mərkəzi Asiya, Cənubi Qafqaz və digər keçmiş sovet respublikalarından olan əmək miqrantlarına münasibətin sərtləşdirilməsi ölkənin strateji maraqlarına töhfə verməyəcək.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, Mərkəzi Asiya ölkələrindən, ilk növbədə Cənubi Qafqazdan və digər keçmiş respublikalardan olan əmək miqrantlarına münasibətimizi sərtləşdirməyimiz uzunmüddətli maraqlarımıza xidmət etməyəcək. Bəli, əlbəttə ki, asayişi qorumaq lazımdır, çoxlu qanun pozuntuları qeydə alınıb, lakin biz belə bir mövqedən çıxış edirik ki, onların davranışlarına nəzarəti gücləndirmək lazımdır, amma maneələr qoymaq, xüsusən də viza rejimi tətbiq etmək olmaz”, -deyə Lavrov bildirib.

Nazir, həmçinin Rusiyanın yaxın iki il ərzində yeddi yeni səfirlik açmaq və bununla da Afrika qitəsində diplomatik mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindən danışıb. Lavrov Rusiyanın Niger və Syerra-Leonedəki səfirliklərinin yaxın vaxtlarda fəaliyyətini bərpa edəcəyinə aydınlıq gətirib. Bundan əlavə, Cənubi Sudanda ilk dəfə Rusiya səfirliyi açılacaq. Həmçinin Qambiya, Liberiya, Komorlar İttifaqı və Toqoda diplomatik nümayəndəliklərin yaradılması planlaşdırılır.

 
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri 

Moskva

Dünya