Ümidvarıq ki, Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışı iki ölkə liderlərinin – prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin iştirakı ilə olacaq. Bu addım dövlətlərimiz və xalqlarımız arasında dostluğun növbəti rəmzinə çevrilə bilər.
Bu fikirləri AZƏRTAC-a Türkiyənin Kahramanmaraş vilayətinin valisi Mükerrem Ünlüer ifadə edib.
O xatırladıb ki, fəlakət zonasında yaşayış kompleksinin təməlqoyma mərasimi də iki ölkənin dövlət başçılarının iştirakı ilə keçirilib.
Kahramanmaraş valisi vurğulayıb: “Vilayətimizin sakinləri Azərbaycana səmimi sevgi hissləri bəsləyirlər. Yerli əhalinin qardaş ölkəyə münasibəti çox hərarətlidir. Təsadüfi deyil ki, “Azərbaycan” məhəlləsi şəhərin ən mərkəz hissəsində yerləşir”.
Ünlüer qeyd edib ki, Azərbaycan dövləti də “Azərbaycan” məhəlləsində aparılan tikinti prosesini nəzarətdə saxlayır. Azərbaycanın Baş naziri Əli Əsədov tikinti meydançasına şəxsən baş çəkib.
Yaşayış kompleksinin rəsmi açılışının yaxın bir-iki ay ərzində baş tutacağına ümidvar olduğunu bildirən vali Ünlüer deyib: “Həqiqətən, Kahramanmaraşda belə gözəl bir əsər olan “Azərbaycan” məhəlləsinin açılışını iki xalqın liderləri etməlidirlər”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kahramanmaraş