Gürcüstanda ötən ilin oktyabrında baş tutmuş parlament seçkilərindən sonra dövlətçiliyimizin formalaşmasının mühüm mərhələsindən keçirik. Bu işdə gürcü xalqının rolu böyükdür. İnanıram ki, öz seçimini edən xalq dövlətçiliyimizin möhkəmlənməsində də dəstəyini əsirgəməyəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Mixail Kavelaşvili XI çağırış parlamentin yaz sessiyasının açılışındakı çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, gürcü xalqı parlament seçkilərində öz seçimini edərək, sülhə və inkişafa səs verib. Lakin xalqımızın bu seçimi bəzi ölkələrin, xüsusən də Qərb tərəfdaşlarımızın seçimi ilə üst-üstə düşməyib. Son illərdə Gürcüstan bəzi Avropa ölkələri tərəfindən ədalətsiz, haqsız hücumlara məruz qalıb.
Prezident deyib: “Hamımız yaxşı başa düşməliyik ki, sülh siyasəti, iqtisadi inkişaf bizi abxaziyalı, osetiyalı qardaş və bacılarımızla yaxınlaşdıran yeganə mühüm amillərdir. Bu yolun alternativi yoxdur”.
M.Kavelaşvili Donald Trampın rəhbərliyi ilə ABŞ-da yeni administrasiyanın hakimiyyətə gəlməsini alqışlayıb və onun fikrincə, bundan sonra dünyada “psevdoliberal qaydalar” dəyişəcək.
"ABŞ-dakı proseslər və dünyada onlara olan reaksiya bir daha cəmiyyətimizi əmin etdi ki, Gürcüstan sülhə, milli maraqlara, ənənəvi və mühafizəkar dəyərlərin qorunmasına, xristianlığın rolunun gücləndirilməsinə yönəlmiş düzgün siyasət aparır", - deyə, M.Kavelaşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi