Aleksandr Lukaşenko 6-cı dəfə Belarus Prezidenti seçilib

post-img

Bazar günü Belarusda növbəti prezident seçkiləri keçirilib. BELTA agentliyi xəbər verir ki, seçici fəallığı 85,7 faiz olub. İlkin məlumatlara görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçicilərin, təxminən, 88 faizinin dəstəyini qazanıb. Rəsmi nəticələr fevralın 3-də elan olunacaq.

Prezidentliyə digər namizədlər, ümumilikdə, 7 faizdən bir qədər çox səs toplayıblar. “Exit-poll”un nəticələrinə görə, Belarus Kommunist Partiyasının rəhbəri Sergey Sırankov 3,21, Liberal Demokrat Partiyasının lideri Oleq Gaydukeviç 2,02, müstəqil namizəd, iş adamı Anna Kanopatskaya 1,86, Ədalət və Əmək Partiyasının başçısı Aleksandr Hijnyak 1,74 faiz səs qazana biliblər. 

Xatırladaq ki, Belarus Respublikasında ilk prezident seçkiləri 1994-cü ildə keçirilib. Həmin il və sonrakı 6 dəfə keçirilən prezident seçkilərində A.Lukaşenko qalib gəlmişdir. İxtisasca tarixçi və iqtisadçı olan bu dövlət xadimi hələ 1989-cu ildə keçmiş SSRİ Ali Sovetinə deputat seçilmişdi. Bu il onun 71 yaşı tamam olacaq və göründüyü kimi, daha 7 il Belarusun dövlət sükanını idarə etməlidir.

Qeyd etmək lazımdır ki, bir çox Qərb dövlətləri Belarusdakı son prezident seçkisini tənqid ediblər. Məsələn, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas, Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos və Almaniyanın xarici işlər naziri Annalena Baerbok seçkilərin “qeyri-demokratik şəraitdə” keçirildiyi ilə bağlı bəyanatlarla çıxış ediblər.

A.Lukaşenko isə öz növbəsində Avropa İttifaqı (Aİ) rəsmilərinin mövqeyini əsassız və qərəzli hesab etdiyini vurğulayıb. Bu məsələ ilə bağlı yerli və xarici jurnalistlərə bildirib ki, Aİ-nin Belarusda keçirilən prezident seçkilərinin nəticələrini tanımaması bu quruma üzv dövlətlərin  “Vaşinqtondakı böyük qardaşların qarşısında “quyruq bulaması” kimi başa düşülməlidir.  

A.Lukaşenkonun fikrincə, Donald Trampın Ağ evə yenidən qayıdışı ilə problemlər heç də Belarus üçün deyil, əksinə Avropa üçün yaranacaq. Belarus lideri hesab edir ki, Avropada bir çox siyasətçilər artıq Trampın qələbəsindən sonra vəziyyətdən çıxış yolu tapmaq üçün “ilan kimi qıvrılırlar”.

Yeri gəlmişkən, Belarus Prezidenti jurnalistlərə açıqlamasında həmçinin Ermənistan rəhbərliyini Aİ ilə oyuna girməkdən çəkindirib. O, deyib: “Onlar (Ermənistan rəhbərləri-red) Aİ ilə oyun oynamağa başladılar. Çox təhlükəli oyundur. Onu (Ermənistanın baş naziri Nikol Paşinyan – red.) sakitləşdirin. O, Ermənistanı məhv edəcək. Rusiyanı da özünə qarşı qoyur”.

A.Lukaşenko Ermənistan rəhbərliyinin Belarusa qarşı “küskünlüyündən” də danışıb: “Azərbaycanı dəstəklədiyimə görə məndən incidilər. Tanrı da bilir ki, mən həmişə sağlam düşüncəni dəstəkləmişəm, müharibənin olmamasının tərəfdarı olmuşam, bir-birimizlə vuruşmamaq üçün”.

Bu məqamda vurğulamaq istərdik ki, A.Lukaşenkonun liderliyi ilə Belarus iqtisadiyyatı son 30 ildə xeyli inkişaf edib. Xüsusilə aqrar sahədə nəzərəçarpan uğurlar qazanılıb. Belarus Şərqi Avropanın bir çox ölkələrinə kənd təsərrüfatı, eləcə də keyfiyyətli ağartı məhsulları ixrac edir. Belarusda əhalinin məşğulluğu da kifayət qədər yüksəkdir.  

Yeri gəlmişkən, Azərbaycan ilə Belarus dövlətləri arasında bütün sahələrdə qarşılıqlı inam və etimada əsaslanan hərtərəfli əlaqələr yaranaraq inkişaf etmişdir. Hazırda ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 300 milyon dollara yaxındır. Hər iki tərəf bu göstəricini artırmaq, iqtisadi-siyasi və mədəni əməkdaşlığı daha da genişləndirmək əzmindədir. 

Sonda bildirək ki, Belarus Prezidenti A.Lukaşenko 2007, 2010, 2013 və 2016-cı illərdə 4 dəfə Azərbaycana rəsmi səfər etmişdir. 2015-ci il (Birinci Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak etmiş, 2021 və 2024-cü illərdə ölkəmizə 3 işgüzar səfər və 2024-cü ildə dövlət səfəri həyata keçirmişdir. 

Məsaim ABDULLAYEV 
XQ 

 

Dünya