Fələstinlilər Qəzzanın şimalına qayıdırlar

post-img

“2 dövlətli həll” mövzusu isə yenidən aktuallaşır

ABŞ Prezidenti Donald Tramp fələstinlilərin müvəqqəti və ya uzunmüddətli Misir, İordaniya və digər ərəb dövlətlərində yeni tikiləcək evlərə köçürülməsini təklif edib. Bu təklif İordaniya və Misir hakimiyyəti tərəfindən qəti şəkildə rədd edilib. “İordaniya iordaniyalılara məxsus olduğu kimi, Fələstin də fələstinlilərə məxsusdur. Fələstin məsələsinin yeganə həlli 2 dövlətli həll çərçivəsində Fələstinin müstəqilliyinin tanınmasıdır. Biz Qəzza əhalisinin məcburi köçkünlüyünü qəti şəkildə rədd edirik”, – deyə İordaniyanın xarici işlər naziri Ayman Safadi bildirib. O, Krallığın fələstinlilərin köçürülməsi ilə bağlı mövqeyinin heç vaxt dəyişməyəcəyinə söz verib: “Biz fələstinlilərin qovulmasını qəbul etmirik. Mövqeyimiz aydındır və dəyişməyəcək”.

Misir Xarici İşlər Nazirliyinin bəyanatında isə bildirilib ki, bu cür hərəkətlər sabitliyi təhdid edir: “Bu, regionda münaqişənin yayılma riskini yaradır, sülh və birgəyaşayış imkanlarını sarsıdır... Misir Fələstin xalqının öz torpaqlarında mövcudluğunun toxunulmazlığını dəstəkləyir və bu təməl hüquqlara hər hansı müdaxiləni rədd edir”. Bəyanatda daha sonra bildirilir: “Biz beynəlxalq ictimaiyyəti Fələstinin müstəqilliyini tanımağa və 2 dövlətli həlli dəstəkləməyə çağırırıq”.

Misir və İordaniya daha əvvəl də açıq şəkildə bildirmişdilər ki, onlar fələstinlilərin köçürülməsi ideyasını qəti şəkildə qəbul etmirlər, bunu milli təhlükəsizlik və ərazi bütövlüyünə ciddi təhdid kimi görürlər. Misir üçün belə bir ssenari faktiki olaraq İsraillə sülh sazişinin yenidən nəzərdən keçirilməsi və onun pozulması demək olardı. Söhbət Kemp-Devid sazişindən gedir. Misir və İsrail arasında ilkin sülh sazişi 1978-ci ildə Kemp-Deviddə (Meriland ştatı, ABŞ) əldə edilib. 1979-cu ildə Kemp-Devid razılaşmasına əsaslanaraq tərəflər ABŞ-ın himayəsi altında sülh müqaviləsi bağlayıblar. Saziş Yaxın Şərqdə sülh və təhlükəsizliyin qorunması üçün əsas sayılır. Onun pozulması isə müharibə təhlükəsini artırır. 

 Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu müharibənin başlanğıcında ilk dəfə məsələni qaldıranda prezident Əbdülfəttah əs-Sisi belə bir həllin qəbuledilməz olduğunu bildirmişdi.

İordaniya Krallığının isə demoqrafik və sosial strukturunu kökündən dəyişdirən 1948-ci il müharibəsindən sonra fələstinli qaçqınların kütləvi surətdə köçürülməsi ilə bağlı faciəli tarixi təcrübəyə malikdir. Hazırda İordaniyada 2,3 milyon nəfər fələstinli qaçqın yaşayır. İordaniya əhalisinin, təxminən, 30 faizi Fələstin mənşəlidir. Bu insanların əksəriyyəti qaçqın düşərgələrində yaşayır (təxminən 300 min nəfər paytaxt Əmman yaxınlığındakı Əl-Bəqa düşərgəsindədir). Əlavə fələstinli qaçqınların qəbul edilməsi isə bu ölkədə ciddi iqtisadi-siyasi problemlər yarada bilər. Bu səbəbdən də İordaniya Krallığı yeni qaçqın axınında maraqlı deyil.

Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas da eyni mövqedən çıxış edərək qəzzalıların Fələstin anklavından kənarda məskunlaşdırılması ilə bağlı “istənilən layihələri” pisləyib və fələstinlilərin “öz torpaqlarından və müqəddəs yerlərindən əl çəkməyəcəklərini” vurğulayıb. 

Trampın təklifi Fələstinin HƏMAS qruplaşmasının rəhbərliyi tərəfindən də qəti şəkildə rədd edilib: “Fələstinlilər yenidənqurma bəhanəsi ilə yaxşı görünsələr belə heç bir təklif və ya həll yolu qəbul etməyəcəklər. Qəzza əhalisi ölümdən sağ çıxıb və vətənlərini tərk etməkdən imtina edib və başqa səbəblərdən asılı olmayaraq, oranı tərk etməyəcəklər”. 

Amma HƏMAS qruplaşması hərbi əməliyyatlar dayandırıldıqdan sonra Qəzza zolağının idarə edilməsindən imtina edə biləcəyini deyib. Bu barədə “The Times of Israel” qəzeti “Al Arabiya” nəşrinə istinadən məlumat yayıb. HƏMAS-ın Siyasi Bürosunun nümayəndəsi Musa Əbu Mərzuk “Al Arabiya” nəşrinə bildirib ki, qruplaşma İsraillə müharibədən sonra Qəzza zolağını idarə etməyə can atmaya bilər. Onun sözlərinə görə, HƏMAS başa düşür ki, gələcəkdə sektorun idarə edilməsi üçün həm regional, həm də beynəlxalq dəstək, o cümlədən Fələstin rəhbəri Mahmud Abbasın dəstəyi lazım olacaq.

Musa Mərzuk qeyd edib ki, qruplaşma Vaşinqtonun atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanın əldə edilməsinin vasitəçiliyi fonunda ABŞ ilə Qəzza zolağında hökumətin formalaşdırılması barədə danışıqlar aparmağa hazırdır. Onun sözlərinə görə, fələstinlər heç bir vaxt öz torpaqlarını tərk etməyəcəklər: “Bu mümkün deyil”.

Fələstinlərin özləri də bu fikirdədir. Yanvarın 27-də səhər saatlarında minlərlə fələstinli İsrailin hücumları nəticəsində tərk edilmiş Qəzza zolağının şimalına qayıtmağa başlayıb. Burada binaların 80-90 faizinin dağıdılmasına baxmayaraq, fələstinlilər öz vətənlərinə qayıtmaq istəklərində israrlıdırlar. Beləliklə, Qəzzanın şimalındakı sakinlərə 15 aylıq döyüşlərdən sonra ilk dəfə öz evlərinə qayıtmağa icazə verilib. HƏMAS-dan bildirilb ki, fələstinlərin geri dönüşü “böyük gün”dür və bu, İsrailin fələstinliləri zorla köçürmək planlarının pozulmasıdır: “Qəzza sakinlərinin geri qayıtması fələstinlilərin qələbəsidir, işğal və köçkünlük planlarının iflasa uğradığını və məhv olduğunu nümayiş etdirir”.

Qeyd edək ki, İsrail daha əvvəl məhbus mübadiləsinin ikinci mərhələsi ilə bağlı fikir ayrılıqlarına görə fələstinlilərin Qəzzanın şimalına qayıtmasına icazə verməyəcəyini bildirmişdi. İsrail mediası yazmışdı ki, Arbel Yehudun azadlığa buraxılması məsələsi böhrana səbəb olub, çünki o, HƏMAS-ın deyil, “İslami Cihad” hərəkatının əlindədir. Bu, razılaşmanın şərtlərinin yerinə yetirilib-yetirilməməsi ilə bağlı mübahisələrə səbəb olub. Bununla belə, vasitəçilər fikir ayrılıqlarını aradan qaldıra biliblər.

Razılaşmaya əsasən, HƏMAS cümə axşamı üç nəfəri azad edəcək. Onların arasında Arbel Yehud, hərbçi Agam Berger və daha bir girov var. Atəşkəs razılaşmasında nəzərdə tutulduğu kimi, şənbə günü daha üç nəfər azad ediləcək. İndi tərəflər şənbə gününə planlaşdırılan məhbus mübadiləsinin növbəti mərhələsi üzrə danışıqları davam etdirməyə hazırdırlar. 

Martın əvvəlinə qədər davam edəcək atəşkəsin birinci mərhələsinə əsasən, HƏMAS İsraildə cəza çəkən 2 minə yaxın fələstinlinin azad edilməsi müqabilində 33 girovu azad etməlidir.  Ümumilikdə, yaraqlıların əlində 2023-cü il oktyabrın 7-də əsir götürülmüş 90-a yaxın adam var. 

Pünhan ƏFƏNDİYEV 
XQ

 

Dünya