Seul mərkəzi rayon məhkəməsi prokurorluğun Prezident Yun Sok Yolun həbs müddətinin uzadılması barədə vəsatətini geri qaytarıb.
AZƏRTAC xəbər verir ki, məhkəmə ölkədə qısamüddətli hərbi vəziyyətin tətbiqindən sonra qiyam təşkili şübhəsi ilə başlanılan istintaq çərçivəsində hazırda həbsdə olan Prezident Yun Sok Yolun saxlanma müddətinin uzadılması üçün prokurorluğun vəsatətini 2-ci dəfə rədd edib. Prokurorluq Prezidentin həbs müddətinin fevralın 6-dək uzadılması üçün ilk dəfə yanvarın 24-də məhkəməyə müraciət etsə də, məhkəmə vəsatəti qəbul etməyib. Məhkəmə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin apardığı istintaqı prokurorluğun tamamlamasına xüsusi ehtiyac görmədiyi üçün vəsatəti təmin etməyib.
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bir neçə gün əvvəl istintaqı davam etdirmək üçün prokurorluğa təhvil verib. Çünki qurumun Prezidentə qarşı rəsmi ittiham irəli sürmək ixtiyarı yoxdur. Güman olunur ki, prokurorluq həbs müddətinin sonuna - yanvarın 27-dək Prezidentə qarşı rəsmi ittiham irəli sürəcək.
Qeyd edək ki, Prezident Yun Sok Yol dekabrın 3-də elan etdiyi hərbi vəziyyətlə əlaqədar başlanmış istintaq çərçivəsində yanvarın 15-də saxlanılıb. Prezident Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin istintaqı apardığı müddətdə suallara cavab verməkdən imtina edib. O, həbsini və istintaqı qanunsuz hesab edir. İstintaq qrupu onu həm də vəzifə səlahiyyətlərini aşaraq, hərbi vəziyyət elanına qarşı qətnamə qəbul etmək istəyən parlamentin işini pozmaq üçün Milli Assambleyaya hərbçiləri göndərməkdə şübhəli bilir.
Yun Sok Yol prezidentliyi dövründə həbs olunan ilk şəxs kimi Cənubi Koreya tarixinə düşüb. Onun haqqında parlamentin impiçment qərarı var və o, hazırda səlahiyyətlərini icra etməsə də, Konstitusiya Məhkəməsi hələ impiçmentə dair yekun qərar verməyib. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi 180 gün ərzində parlamentin impiçment qərarına baxaraq ya təsdiqləməli, ya da rədd etməlidir. Artıq yanvarın 14-də Konstitusiya Məhkəməsi impiçment məsələsi ilə əlaqədar prosesə başlayıb və indiyədək 4 iclas keçirilib. Məhkəmə impiçmenti təsdiqləsə, 60 gün ərzində növbədənkənar prezident seçkisi keçirilməlidir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin