Almaniya Xristian Demokrat Birliyinin (CDU) kansler namizədi Fridrix Merz NATO tərəfdaşlarını alyansın müdafiə büdcəsinin artırılmasını müzakirə etməzdən əvvəl cari müdafiə xərcləri hədəflərinə diqqət yetirməyə çağırıb.
“Növbəti üç-dörd il ərzində biz diqqətimizi (NATO-nun müdafiə xərcləri) ən azı 2%-lik (ÜDM-in) hədəfinə nail olmağa yönəltməliyik”,- Fridrix Merz DLF radiostansiyasına müsahibəsində deyib. Bu barədə “Reuters” xəbər verir.
Müsahibə zamanı Fridrix Merz xatırladıb ki, NATO-nun hazırda ildə 30-40 milyard avro hərbi büdcə kəsiri var. Onun sözlərinə görə, alyans üzvləri “məhz bunun üzərində çox çalışmalıdır”.
Dekabrın əvvəlində "Financial Times" məlumatlı mənbələrə istinadən xəbər vermişdi ki, NATO-nun avropalı üzvləri alyansın müdafiə xərclərini ÜDM-in 2%-dən 3%-ə qədər artırmaq zərurətini müzakirə etməyə başlayıblar. Nəşrin məlumatına görə, 2025-ci ilin iyununda keçiriləcək sammitdə NATO üzvlərini bunu etməyə məcbur etmək imkanı müzakirə edilir.
Eyni zamanda, ABŞ prezidenti Donald Tramp NATO ölkələrinin hərbi xərclərini ÜDM-in 2%-dən 5%-ə qədər artırmaq zərurəti ilə bağlı fikirlərini bildirib. Yanvarın 20-də vəzifəyə başladıqdan dərhal sonra cənab Tramp yenidən bütün NATO müttəfiqlərini hədəfi yüksəltməyə çağırıb.
S.ELAY
XQ