Çinin “Shandong Port Group” liman operatoru ABŞ sanksiyaları altında olan Rusiya “kölgə donanmasının” tankerləri üçün limanlarını bağlayıb. Bu barədə "Reuters" agentliyi neft treyderləri arasında öz mənbələrinə istinadən məlumat yayıb.
"Shandong Port Group" Çinin şərq sahilindəki əsas limanlara, o cümlədən sanksiyalara məruz qalan neft idxalı üçün əsas terminallar olan Qingdao, Zhizhao və Yantai limanlarına nəzarət edir.
Xüsusilə Şandun əyaləti Rusiya, Venesuela və İrandan neft idxalının əsas marşrutudur. Ötən il əyalət Çinə idxal edilən bütün neftin təxminən 17%-ni idxal edib. "Reuters" qeyd edir ki, Şandunda belə problemli ölkələrdən ən böyük neft idxalçıları olan bir çox müstəqil neft emalı zavodları yerləşir.
Treyderlərin fikrincə, qadağa Rusiya neftinin Şandundakı müstəqil neftayırma zavodlarına daşınması xərclərini artıracaq. Lakin təsir hələlik məhdud olacaq, qadağa yalnız ABŞ sanksiyalarına məruz qalmış “kölgə donanmasının” tankerlərinə şamil edilir.
"Lloyd's List Intelligence" firmasının dəniz məlumatları qrupunun baş analitiki Mişel Viz Bokman deyir ki, İran, Rusiya və Venesuela neftini daşıyan aktiv kölgə donanması hazırda təxminən 669 tankerdən ibarətdir. Onun sözlərinə görə, onlardan yalnız 250-300-ü məhz Rusiya neftini daşıyıb. Bundan əlavə, Rusiya Sovkomflotu Rusiya neftini öz tankerləri ilə nəql edir.
S.ELAY
XQ