Moldovada elektrik və istilik enerjisi tarifləri artırılıb.
Milli Enerji Tənzimləmə Agentliyi (ANRE) cümə günü tədarükçülərin müraciəti əsasında müvafiq qərar qəbul edib. Bu barədə Interfax-Ukrayna xəbər verir.
ANRE-nin mətbuat xidmətinin məlumatına görə, "Premier Energy" tərəfindən verilən elektrik enerjisinin tarifi 75% - 2,34 ley/kVt-dan 4,10 ley/kVt/saatadək artacaq. "Premier Energy" respublika ərazisinin 70%-dən çoxunda istehlakçılara xidmət göstərən Çex şirkətidir.
FEE Nord (ölkənin şimalında Moldova ərazisinin 20%-dən çoxunda istehlakçılara xidmət göstərir) tərəfindən verilən elektrik enerjisinin tarifi 65% - 2,84 leydən 4,68 ley/kVt/saatadək artırılacaq.
ANRE, həmçinin istilik enerjisi üçün yeni tariflər müəyyən edib. "Termoelectrica"nın xidmət göstərdiyi istehlakçılar üçün o, 38% - 1824 leydən 2510 leyə qədər artacaq (təchizatçı 2564 ley/Qkal tarif tələb edib).
"Termoelectrica" şirkəti Kişinyovda və Moldovanın mərkəzi hissəsində istehlakçılara xidmət göstərir.
CET Nord tərəfindən xidmət edilən istehlakçılar üçün tariflər 16% - 1819 leydən 2126 ley/Qkal-a qədər artacaq (təchizatçı 2612 ley/Qkal tələb edib). CET Nord Balti və şimal Moldovanın sakinlərini istiliklə təmin edir.
Yeni tariflər Monitorul Official-da dərc edildiyi gündən qüvvəyə minir.
Artım onunla bağlıdır ki, yanvarın 1-dən Moldova elektrik enerjisinin təxminən 50%-ni Rumıniyadan yeni ildən əvvəlkindən xeyli yüksək qiymətlərlə idxal edir. 2024-cü il dekabrın 31-dək Moldova elektrik enerjisinin təxminən 70%-ni Dnestryanıdakı Moldavskaya Dövlət Rayon Elektrik Stansiyasından alıb. Elektrik enerjisi Rusiya qazından istehsal olunurdu, Dnestryanı bunun üçün Qazprom-a pul ödəmirdi.
Rusiya qazının Ukrayna üzərindən nəqli dayandırıldıqdan sonra elektrik enerjisi çatışmazlığı səbəbindən Dnestr çayının sağ sahilində problemlər yaranıb. Sol sahildə elektrik enerjisi kömür ehtiyatları sayəsində istehsal olunur, lakin Dnestryanı sakinlərinin mənzillərinə qaz və istilik verilməsi dayandırılıb, bütün sənaye müəssisələri (həyati təminat müəssisələri, xəstəxanalar və sosial obyektlər istisna olmaqla) bağlanıb.
Yanvarın 1-dən Moldovada enerjiyə qənaət tədbirləri qüvvəyə minib. Fövqəladə Hallar üzrə Milli Komissiyanın dekabrın sonunda təsdiq etdiyi plana əsasən, ictimai və kommersiya binaları texniki imkan daxilində yanvarın 1-dən daxili işıqlandırmanı ən azı 30% azaldıb. İş prosesində iştirak etməyən otaqlarda işıqların tamamilə söndürülməsi məcburi hala gəlib. Bundan əlavə, yanvarın 1-dən Kişinyovda bayram işıqlandırması yarıbayarı azaldılıb.
S.ELAY
XQ