Tacikistan Prezidenti Emoməli Rəhmon 2027-ci il yanvarın 1-dək ölkənin biznes sektorunda yoxlamalara moratorium elan edib.
AZƏRTAC xəbər verir ki, yoxlamalar yalnız sahibkarlıq fəaliyyətinə dövlət dəstəyi məqsədilə aparılacaq.
“Sahibkarlıq fəaliyyətinə dövlət dəstəyinin təmin edilməsi, investisiyaların cəlb olunması və iş yerlərinin açılması üçün əlverişli mühit yaradılması məqsədilə 2027-ci il yanvarın 1-dək biznes subyektlərində vergi orqanlarının təftişləri istisna olmaqla, bütün növ yoxlamalara moratorium elan edilsin”, - deyə Emoməli Rəhmon ölkə parlamentinə illik müraciətində deyib.
Dövlət başçısının müraciəti parlamentin yeni binasında Tacikistanın qanunverici orqanının yuxarı və aşağı palatalarının onuncu birgə iclasında baş tutub.
İlin sonunda Tacikistan Prezidenti ənənəvi olaraq daxili və xarici siyasətin, həmçinin ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. İclasda deputatlarla yanaşı, hökumət üzvləri, nazirlik və idarələrin rəhbərləri, rayon, şəhər və vilayətlərin başçıları və bütün dövlət qurumlarının əməkdaşları iştirak edirlər.