Polşanın hüquq-mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.
"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Gürcüstan vətəndaşı Ağacanov Ülpət Fizuli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Polşa Respublikasının Lodz Rayon Məhkəməsi tərəfindən təmin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ü.Ağacanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyi üçün beynəlxalq axtarışa verilib.
O, 2024-cü ilin oktyabr ayında Polşanın Kutno şəhərində müəyyən edilərək həbs olunub.
Verilmə haqqında qərar qanuni qüvvəyə mindikdən sonra onun ölkəmizə gətirilməsi təmin ediləcək.